Muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir.Bu tədbirlərin davamı kimi ötən il Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verəcək. Su mənbəyi kimi Araz çayından qidalanan nasos stansiyası götürülüb. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9 min 930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilib. Su xətlərinin üzərində 25 siyirtmə, 103 hidrant və 20 suboşaldıcı qoyulub.
Bu il isə həmin rayonda 400 hektar ərazini əhatə edən daha bir qapalı suvarma şəbəkəsi qurulacaq. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin şöbə müdiri Səttar Nəsirovdan aldığımız məlumata görə, yeraltı suvarma şəbəkəsinin qurulmasının nəticəsidir ki, Böyükdüz və Xok kəndlərində əkin sahələri xeyli genişləndirilib. Əgər əvvəllər Böyükdüz kəndində 700-800 hektar taxıl əkilirdisə, ötən ilin payızında həmin rəqəm 1200 hektara çatdırılıb.
Böyükdüz kənd sakini Vaqif Babayev deyir ki, əvvəllər bu ərazilər əkilmirdi. Lakin yeraltı suvarma şəbəkəsinin qurulması bu torpaqlara yeni həyat verib: “Bir qarış torpağımız belə, boş deyil. Biz torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməklə əkin sahələrini getdikcə genişləndiririk”.
Ötən il Babək rayonunda yeni nasos stansiyasının tikintisi, yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Kültəpə kənd sakini Tapdıq Abbasovun sözlərinə görə, əvvəllər torpaqların suvarılmasında xeyli çətinliklər çəkiblər. Lakin burada yeni suvarma xəttinin çəkilməsi, su kanalının istifadəyə verilməsi torpaqları cana gətirib. Artıq torpaqlardan bol məhsul götürmək üçün hərtərəfli şərait yaradılıb.
Qeyd edək ki, ötən il Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin tikilməsi də torpaqlara yeni həyat bəxş edib.
Xəbərlər şöbəsi