Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin əsasını təşkil etdiyinə görə hər bir ölkə üçün iqtisadi, sosial əhəmiyyət kəsb edir və prioritet sahə hesab olunur. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar siyasətin bu gün uğurla davam etdirilməsi nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu daha da artıb. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər, nəticə etibarilə, məhsul bolluğuna zəmin yaradıb, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirib. Yeni emal müəssisələrinin yaradılması fermerləri təsərrüfat sahələrini genişləndirməyə sövq etməklə yanaşı, yerlərdə əhalinin məşğulluq probleminin həllinə də müsbət təsir göstərib. Əhalinin 70 faizinin kənd yerlərində yaşaması da bu sahənin muxtar respublika iqtisadiyyatı üçün necə böyük önəm daşıdığını aydın göstərir.
Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Fermerlərə yanacağa, motor yağına, gübrəyə çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələri və məhsuldarlıq ilbəil artıb. Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib.
Kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi bu gün böyük əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikasına tələbata uyğun yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi də məhz bu amala xidmət edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu günə qədər muxtar respublikaya 1925 texnika və texnoloji avadanlıq alınıb gətirilib. 2017-ci ilin ötən dövründə isə 41 texnika və yeni suvarma sistemləri üçün avadanlıqlar alınıb.
Müasir dünya təcrübəsi göstərir ki, taxıl bitkilərinin yetişdirilməsində məhsuldarlığa təsir edən əsas amillərdən biri də keyfiyyətli toxum növlərindən istifadədir. Ona görə də bütün dünyada toxumların genofonduna, seleksiyasına xüsusi əhəmiyyət verilir, ciddi tədqiqatlar aparılır, genetik xəstəliklərə, ziyanvericilərə qarşı daha dözümlü növlər yetişdirilir. Bu səbəbdən məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanır.
Ötən ay Çin Xalq Respublikasından gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcəkdir. Çin istehsalı olan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Hazırda toxumçuluq təsərrüfatının istifadəsində 2000 hektar əkinəyararlı torpaq sahəsi var. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ədalət Hüseynovun sözlərinə görə, bu texnikalar təsərrüfatın bundan sonrakı dönəmində daha da səmərəli fəaliyyətinə, taxıl toxumu, o cümlədən də digər kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalını təşkil etməyə imkan verəcəkdir: “Belə texnikalar münbitliyi az olan torpaqlarda daha effektiv nəticə verir. Digər aqrotexniki tədbirlər – gübrə səpinindən tutmuş şumun qaldırılması, bu proseslərin ardıcıllıqla keyfiyyətli təşkili müasir texnika ilə mümkündür. Bu texniki təminat muxtar respublikada bir ilkdir və digər təsərrüfatlar üçün nümunədir. Təsərrüfatın əsas fəaliyyət istiqaməti taxıl toxumçuluğu sahəsindədir. Gələcəkdə yem bitkiləri və digər tərəvəz toxumlarının yetişdirilməsi imkanları da var. Burada taxıl sortlarının çoxaldılıb yetişdirilməsi həyata keçiriləcək. Sahibkarlar da maraqlı olacaq ki, bu keyfiyyətli toxumdan əkib məhsul götürsünlər. Bu, eyni zamanda torpaqdan istifadənin səmərəliliyini artıracaq, həm də iqtisadi cəhətdən gəlir gətirəcək”.
Keyfiyyətli toxum dedikdə, toxumun təmizliyi, saflığı, bərabərliyi, yəni eyni ölçüdə olması, xəstəlik və zərərvericilərə qarşı davamlılığı başa düşülür. Bu tələblərə cavab verən toxumlar standart toxumlar sayılır. Toxumtəmizləyən aqreqatlar imkan verəcək ki, toxumları daha yaxşı çeşidləmək mümkün olsun. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpində yalnız keyfiyyətli toxumlardan istifadə etməkdir.
Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Toxumçuluq təsərrüfatına gətirilən digər texnikalar da yüksək iş göstəricilərinə malikdir. Bu texnikalar vaxtdan səmərəli istifadəyə və yüksək məhsuldarlığa nail olmağa yönəlib. Kombaynlar, traktorlar iş zamanı kənardan yanacaq götürməsin deyə yanacaq tankerindən istifadə olunacaq ki, bu da texnikaları vaxtında yanacaqla təmin edəcək. İş prosesində hər hansı bir nasazlıq ortaya çıxarsa, texniki xidmət maşını nasazlığın zəmidəcə təmir olunmasına imkan verəcək. Muxtar respublikanın əkinəyararlı torpaq sahəsi az olduğu üçün innovativ üsulların tətbiqi məhsuldarlığa yol açacaq.
Toxumçuluq təsərrüfatının 400 hektar əkin sahəsində qurulacaq yeni qapalı suvarma şəbəkəsi də bu baxımdan faydalı olacaq. Qapalı suvarma şəbəkəsi şoranlaşmaya və su itkisinə yol vermədən əkin sahələrinin tələb olunan miqdarda suvarma suyu ilə təminatına imkan verəcək. Növbəti illərdə digər sahələrdə də qapalı suvarma şəbəkəsi qurulacaq ki, bu da təsərrüfatın fəaliyyətinin səmərəliliyinə zəmin yaradacaq.
Muxtar respublikanın iqlim şəraitinə uyğun toxum sortlarının yetişdirilməsi və paylanması toxumçuluq təsərrüfatının qarşısında duran əsas vəzifədir. Bu ilin məhsulu üçün 800 hektarda iqlim şəraitinə uyğun məhsuldar taxıl sortları əkilib.
Kənd təsərrüfatında əsas hədəf məhsuldarlığın yüksəldilməsidir. Həyata keçirilən tədbirlər bir daha belə deməyə əsas verir ki, muxtar respublikada müasir kənd təsərrüfatı texnikaları ilə təchizat və əkin sahələrində müasir suvarma sistemindən istifadə hesabına keyfiyyətli və bol məhsul əldə olunacaq, daxili bazarda belə məhsulların xüsusi çəkisi artacaqdır.
Ruhiyyə RƏSULOVA
Naxçıvan Dövlət Televiziyasının
baş redaktoru