Naxçıvan Muxtar Respublikasında mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində bu sektor günbəgün genişlənir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işləri əhəmiyyətli yer tutur. Belə ki, hazırda Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsində 1 və 13 nömrəli yaşayış binalarında yenidənqurma işləri aparılır.
“Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan 1 nömrəli yaşayış binasında söküntü işləri yekunlaşdırıldıqdan sonra balkonlardakı arakəsmələrin hörülməsinə başlanılıb, fasad hissədə isə suvaq işləri aparılır, pəncərə kənarları hörülür. Binanın daxilində isə suvaq işləri yekunlaşdırılıb, kommunikasiya xətləri dəyişdirilib. Eyni zamanda yaşayış binasının dam örtüyünün vurulmasına başlanılıb. 13 nömrəli yaşayış binasının arxa fasadında isə suvaq işləri davam etdirilir, 1-ci mərtəbəyədək olan hissədə üzlük daşların vurulmasına başlanılıb. Daxildə isə suvaq işləri ilə yanaşı, kommunikasiya xətlərinin dəyişdirilməsi də davam etdirilir. Bu yaşayış binasının zirzəmi hissəsində də xeyli iş görülüb. Belə ki, bu hissə tamamilə lazımsız əşyalardan təmizlənib və burada suvaq işlərinə başlanılıb. Yaxınlarda hər iki binanın pəncərələri dəyişdiriləcək, binanın fasadını milli memarlıq üslubuna məxsus dekorativ naxışlar bəzəyəcək.
Xəbərlər şöbəsi