Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə xidmətlər bazarı formalaşmağa başlayıb. Əsasən, ticarət, nəqliyyat, rabitə, bank, turizm və sair kimi sahələri özündə birləşdirən bu sektor son onilliklərdə böyük bir inkişaf yolu keçərək iqtisadiyyatda mühüm rola malik olub. Xidmət sektorunun iqtisadiyyatda rolunun artmasının iki əsas səbəbi var. Birincisi, insanların gəlirlərinin çoxalması xidmətlərə xərclənən pulların da artmasına imkan verir. Bu cəhət xidmət sektorunun inkişafını şərtləndirir. İkinci səbəb isə informasiya-kommunikasiya texnologiyalarının dayanmadan inkişafıdır ki, bu da həmin sektorun imkanlarını genişləndirir. Beləliklə, bu iki səbəb xidmət sektorunun iqtisadiyyatda dəyərini durmadan artırır. Maraqlı məqamlardan biri də odur ki, sadalanan səbəblərlə əlaqədar olaraq XX əsrin ikinci yarısından etibarən inkişaf etmiş ölkələrdə xidmət sektoru istehsal sektorunu geridə qoymağa başlayıb. 1980-ci illərdən etibarən isə inkişaf etməkdə olan ölkələrdə baş verən struktur dəyişikliyi xidmət sektorunun həm ümumi iqtisadiyyatda payının, həm də bazar həcminin sürətlə artmasına şərait yaradıb. Hazırda dünyanın əksər ölkəsində ümumi daxili məhsulun formalaşmasında xidmət sektoru daha böyük paya sahibdir.
Klassik iqtisadiyyatda məhsul istehsalı iqtisadiyyatın qan damarı sayılsa da, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında da deyilir. Dövrümüzdə bu sektor perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir. Vurğulamaq lazımdır ki, xidmətlərdə informasiya texnologiyalarının sürətlə tətbiqi yeni bir mərhələnin əsasını qoyub. Kompüter və informasiya texnologiyalarından geniş istifadə informasiya mübadiləsinin sürətini artırıb ki, bu da, nəticədə, rabitə xərclərinin aşağı düşməsinə və elektron ticarətin genişlənməsinə səbəb olub. İqtisadçı-ekspertlərin fikirlərinə görə, Amerika Birləşmiş Ştatlarının xidmət bazarı inkişaf etməsəydi, Çin artıq ümumi daxili məhsul istehsalına görə dünyanın ən böyük ölkəsi adını qazanacaqdı. Çin məhz xidmət sektorundakı göstəricilərə görə ABŞ-dan geri qaldığı üçün dünyanın ən böyük iqtisadiyyatına malik ölkə adına sahib ola bilmir.
Digər tərəfdən, müxtəlif sahələri özündə birləşdirən xidmət sektoru ölkənin həm də əsas inkişaf və rifah göstəricilərindən sayılır. Dünya Bankının son illərdə ölkələrin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman sosial həyatla xidmət sektorunun səviyyəsi arasında əlaqənin olduğu bir daha öz təsdiqini tapıb. Məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75 faizi çalışır. Bu sektorda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Say çoxluğu ilə bərabər, xidmətlərdə insan amili digər sahələrə nisbətən daha çox ön plana keçir. Yəni xidmət sektorunda çalışan insanların peşəkar hazırlığa malik olması daha çox nəzərə çarpır. Qeyd edək ki, bir ölkənin iqtisadiyyatında xidmət sektorunun payının artması üçün həmin ölkədə adambaşına düşən gəlirin yüksəlməsi şərtdir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə ümumi daxili məhsulda xidmət sektorunun payı 50 faizdən aşağı deyil, bəzi ölkələrdə hətta daha yüksəkdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, xidmət sektoru ölkəmizdə ən çox liberallaşdırılmış sahələrdəndir. Bunun səbəbi onunla bağlıdır ki, müstəqilliyimizin ilk illərindən başlayaraq iqtisadiyyatın bu sektoru digərləri ilə müqayisədə daha cəlbedici olub. Sonrakı illərdə isə həm əhali gəlirlərinin artması, həm də yuxarıda qeyd etdiyimiz kimi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu sahənin həcminin genişləndirilməsinə imkan verib. Bunun nəticəsidir ki, muxtar respublikada ötən il ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 87 faizi ötdüyü halda, bu göstərici nəqliyyatda 82, rabitədə 81, ticarət və mehmanxana şəbəkələrində 100 faizə çatıb. Bununla yanaşı, 2016-cı ildə muxtar respublikada sahibkarlara verilmiş kreditlərin 21 faizi xidmət sektorunu əhatə edib. Sahibkarların xidmət sektorunda daha çox cəmlənməsi isə məşğulluq məsələlərinin həll olunmasına öz töhfəsini verir. Nəzərə alaq ki, hazırda ölkəmizdə olduğu kimi, muxtar respublikada da əhalinin mühüm bir hissəsi topdan və pərakəndə ticarət, avtomobillərin və məişət məmulatlarının təmiri, tikinti, turizm, ictimai iaşə, özəl tibb, sosial və digər xidmət sahələrində çalışır.
Xidmət sektorunun inkişafının önəmli tərəflərindən biri də sahibkarlığın inkişafıdır. Hazırda muxtar respublikamızda bu sahənin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər paralel olaraq xidmət sektorunun inkişafına da öz təsirini göstərir. Çünki insanların gəliri artdıqca xərclərdə əsas pay xidmətlərə yönəlir. Bununla yanaşı, son illərdə muxtar respublikada xüsusilə sənaye və kənd təsərrüfatının, turizmin kompleks şəkildə inkişaf etdirilməsi ilə bağlı atılan məqsədyönlü addımlar xidmət sektorunun yeni bir mərhələyə qədəm qoymasına öz töhfəsini verəcək. Sonda onu da qeyd edək ki, iqtisadiyyatı xarici təsirlərdən qorumaq üçün xidmət sektorunun inkişafı vacibdir. 2014-2016-cı illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər göstərdi ki, istehsal sektoru həssas sahədir, onun daxili və xarici risklərə reaksiyası kəskin olur. Xidmət sahələri də xarici risklərə qarşı həssasdır, ancaq bu sahələr düzgün tənzimləndikdə daxili imkanlar hesabına vəziyyəti müsbətə doğru dəyişmək daha asandır. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, xidmət sektoru həm də dayanıqlı inkişafın təminatçısıdır.
Səbuhi Həsənov