Bаzаr iqtisаdiyyаtının əsas tələblərindən biri sağlam sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Bu isə o zaman mümkündür ki, ölkədə sabitlik hökm sürsün, sahibkarların hüquqlarının qorunması üçün işlək hüquqi mexanizmlər yaradılsın, onların zəruri ehtiyaclarının ödənilməsi üçün müvafiq maliyyə mənbələrinə çıxışı təmin olunsun. Məhz buna görə də ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas mahiyyətini bazar iqtisadiyyatının yeni trendlər üzərində inkişafını nəzərdə tutan islahatlar təşkil edir.
Bu islahatların nəticəsidir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirilir, sаhibkаrlаrа dövlət mаliyyə dəstəyi göstərilir, bаnklаr və krеdit təşkilаtlаrı tərəfindən onlara güzəştli krеditlər vеrilir. Məqsədyönlü tədbirlərin nəticəsində hər il yeni rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə alır, bu müəssisələrin hesabına məşğulluq məsələləri öz həllini tapır. “Şahanə” Mebel İstehsalı Müəssisəsi də fəaliyyət göstərdiyi qısa bir dövrdə istehlakçıların rəğbətini qazanıb.
Müəssisə Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşir. Sahibkar Əli Cəfərov bu işə əvvəlcə fərdi olaraq yaşadığı həyətdə başlayıb. Qəsəbə və yaxın kəndlərin sakinləri ona tez-tez sifarişlər verdikləri üçün mövcud kiçik sexə əlavə işçi qüvvəsinin cəlb olunmasına və daha sonra isə istehsalat üçün uyğunlaşdırılmış yeni binaya ehtiyac yaranıb. Bu məqsədlə həmsöhbətimiz biznes-plan hazırlayaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fonduna müraciət edib. Onun dediklərindən: “Muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət dəstəyindən biz də yararlandıq. Yeni müəssisə inşa etmək üçün müvafiq orqana müraciət etdik. Bizə Qıvraq qəsəbəsindən keçən Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında 2500 kvadratmetr torpaq sahəsi ayrıldı. 2015-ci ilin mart ayında burada inşaat işlərinə başladıq, əraziyə elektrik, qaz və su xətləri çəkildi, transformator yarımstansiyası quraşdırıldı. Müəssisənin burada yerləşməsi bizim üçün xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması baxımından çox əlverişlidir”.
Əli Cəfərov söhbətinə davam edərək bizi müəssisə ilə yaxından tanış etdi. Bildirdi ki, layihəyə uyğun olaraq, burada istеhsаl sехi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, sərgi-satış salonu, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа və digər yаrdımçı оtаqlаrdаn ibаrət yeni binа inşa olunub, müasir istilik sistemi qurulub. Müasirtipli layihə əsasında qurulan yeni müəssisə texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə, keyfiyyətli məhsul istehsalına imkan verir. Öyrəndik ki, müəssisədə Türkiyənin “Özkonyalılar” firmasının istehsalı olan avadanlıqlar quraşdırılıb. Mebellərin sifarişçilərin ünvanlarına çatdırılmasının və quraşdırılmasının da müəssisə tərəfindən həyata keçirilməsinə əlverişli şərait yaradılıb, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yük avtomobili alınıb.
– “Bəs müəssisə üçün xammal haradan gətirilir?” – sualımıza sahibkar cavab verdi ki, əvvəllər bu sahədə xeyli çətinlikləri olub. Belə ki, əvvəllər muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub, bunun üçün əlavə daşınma xərcləri çəkilib. Hazırda isə mebel istehsalı müəssisələrini yüksəkkeyfiyyətli mebel materialları ilə təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin problemləri aradan qaldırıb. Artıq müəssisə vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunur. Oradan alınan fərqli çeşidlərdə materiallar alıcı zövqünü oxşayan müxtəlif mebel nümunələri istehsal etməyə imkan verir. Bunun nəticəsidir ki, indi müştərilər yataq dəstlərindən tutmuş salon, mətbəx, ofis mebellərinədək sifarişlər verirlər. Artıq təkcə Kəngərli rayonundan deyil, Şərur və Sədərək rayonlarından da adıçəkilən müəssisəyə müraciət edirlər.
Bəli, “Şahanə” Mebel İstehsalı Müəssisəsi daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasında yeni addımlar atır. Ötən il fəaliyyətə başlayan müəssisədə 5 nəfər işlə təmin olunub. Sərgi-satış salonunda alıcılara təqdim olunan, xüsusi dizaynla bəzədilmiş mebel nümunələri onu deməyə əsas verir ki, yaxın gələcəkdə müəssisənin məhsullarına tələbat daha da artacaq, burada istehsal olunan keyfiyyətli məhsullar hələ çox mənzilləri bəzəyəcək, hər kəsin rahatlığını təmin edəcəkdir.
Səbuhi Həsənov