23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunun Çəmənli, Arbatan və Arpaçay kəndlərində kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir.
Çəmənli kəndində yaxın aylarda yeni məktəb, kənd və xidmət mərkəzlərinin binalarından istifadə olunacaq. Kənd tam orta məktəbinin binası 360 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı və bufet veriləcək. Binada əsas tikinti işləri, demək olar ki, başa çatıb. Hazırda binanın daxilində və fasad hissəsində suvaq işləri aparılır.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəlidir. Kənd mərkəzinin binasında da əsas tikinti işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib, qapı və pəncərələr salınıb. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, səhiyyə, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılacaq.

Çəmənli sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Artay LTD Şirkətinin inşaatçıları isə rayonun Arbatan kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binaların inşası ilə məşğuldur. 234 şagird yerlik məktəbin və kənd mərkəzinin binaları iki, xidmət mərkəzinin binası birmərtəbəlidir. Aprel ayından tikintisinə başlanan obyektlərdə çalışan inşaatçıların texniki təhlükəsizliyi təmin edilib, obyektlərə daimi su xətti çəkilib, inşaat işlərinin keyfiyyətlə aparılması üçün hərtərəfli şərait yaradılıb.
Adıçəkilən tikinti kollektivinin bir qrup inşaatçısı isə rayonun Arpaçay yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldur.
Obyektlərin hamısında yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR