23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda iqtisadi fəallığın artması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin olunması sahəsində həyata keçirilən tədbirlər əhali gəlirlərinin artmasına səbəb olur ki, bu da həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə imkan yaradır. Sosial-iqtisadi inkişafın mühüm keyfiyyət göstəricisi olan həyat səviyyəsinin daim yüksəlməsi meyli, ümumilikdə, regional inkişafın da fərqləndirici xüsusiyyətlərindəndir.  

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 998 milyon 783 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 2240,9 manat təşkil edib. Təkcə cari ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 406,8 manat təşkil edib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım deməkdir.

Gəlirlərin artması istehlak bazarındakı xərcləmələrə, əhalinin onlara göstərilən pullu xidmətlərdən istifadə səviyyəsinə və fərdi mənzil tikintisinə də öz təsirini göstərib. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon 77 min 900 manat həcmində istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox deməkdir. Yaxud, 2016-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 28 milyon 714 min manata yaxın olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 23 milyon 691 min 600 manat olmaqla, bir il öncəki göstəricini 1,7 faiz üstələyib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Belə ki, 2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min 833 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyir.
Əhali gəlirlərinin artırılmasında səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinin mühüm əhəmiyyəti vardır. Belə ki, 2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri yaradılıb ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Sahibkarlıq fəaliyyətinin də bu sahədəki rolu çox mühümdür. Muxtar respublikamızda sahibkarlığın genişləndirilməsi üçün göstərilən dövlət dəstəyi də bu məqsədə xidmət edir. Bu baxımdan cari ilin yanvar-iyul ayları ərzində muxtar respublikada təsərrüfat subyektləri üçün verilən kreditlərin həcmi diqqəti cəlb edir. Belə ki, 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 937 min 200 manat məbləğində kreditlər verilib. Ümumilikdə, 2016-cı ilin ilk altı ayında muxtar respublikada 12 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR