23 Dekabr 2024, Bazar ertəsi

Bu ilin aprel ayından inşasına başlanan Tumbul kəndindəki məktəb binasında işlərin daha sürətlə aparılması bu təhsil ocağının yaxın vaxtlarda qapılarını müəllim və şagirdlərin üzünə açacağını deməyə əsas verir.
Məktəb binasında əsas inşaat işləri başa çatdırılıb, çardaq hissə vurulub, fasadın və interyerin suvağı tamamlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi tərəfindən inşası aparılan binanın xaricində hazırda üzləmə işləri gedir, məktəbin ərazisi abadlaşdırılır, işıqlandırma sistemləri quraşdırılır. Binanın birinci mərtəbəsində kitabxana, fənn laboratoriyaları, idman zalı, hərbi hazırlıq sinfi, ikinci mərtəbədə siniflər, üçüncü mərtəbədə isə üç elektron lövhəli sinif, iki kompüter otağı, müəllimlər otağı, şahmat sinfi yerləşəcək.
Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən ali təhsil müəssisələri də kənarda qalmayıb. Bu baxımdan cari ilin aprel ayından başlayaraq Naxçıvan Müəllimlər İnstitutunun binasında “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən yenidənqurma işləri aparılır, bu ali təhsil ocağı üçün yeni tədris korpusu tikilir. Zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olan tədris korpusunda hazır­da suvaq işləri aparılır. İnstitutun yenidən qurulan korpusunun özülü möhkəmləndirilib, arakəsmələr hörülüb. Hazır­da burada qapı və pəncərələrin salınmasına, çardaq hissənin qurulmasına hazırlıq işləri gedir.

Naxçıvan şəhərində yenidən qurulması artıq başa çatdırılmaqda olan təhsil müəssisələrindən biri də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binasıdır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən hazırda pilləkənlər qurulur, fasad hissə üzlənir. İnşaat işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina qısa müddətdə istifadəyə hazır olacaq.

Xatırladaq ki, bu gün Naxçıvan təhsili özünün inkişaf dövrünü yaşayır. Muxtar respublika rəhbərinin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində 1996-cı ildən ötən dövr ərzində Naxçıvanda 200-dən çox təhsil müəssisəsi üçün bina tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Muxtar respublikada 2016-cı ilin birinci yarısı ərzində 1806 şagird yerlik altı tam orta məktəb binası, bir peşə məktəbi istifadəyə verilib. Hazırda Naxçıvan Dövlət Texniki Kollecinin yeni binasının, Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Şərur şəhər 2 nömrəli, Çəmənli, Arbatan, Babək rayonunda Məzrə, Ordubad rayonunda Baş Dizə, Culfa rayonunda Gülüstan Şahbuz rayonunda Kolanı, Kəngərli rayonunda Şahtaxtı kənd tam orta məktəblərinin binalarının tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR