Muxtar respublikamızda dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğı nəticəsində aqrar sektorda böyük nailiyyətlər qazanılıb. Belə diqqət və qayğının ifadəsini istehsal olunan məhsulların ilboyu keyfiyyətlə saxlanılması üçün istifadəyə verilən soyuducu anbarların sayının artmasında da görmək olar. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, Sahibkarlığa Kömək Fondu tərəfindən 2016-cı ildə də verilən güzəştli kreditlər hesabına soyuducu anbarların yaradılması üzrə investisiya layihələrinin həyata keçirilməsi davam etdirilib.
Məlumatda bildirilir ki, aqrar sektorun inkişafında mühüm element kimi soyuducu anbarların istifadəyə verilməsi əhali tərəfindən də yüksək dəyərləndirilir. Çünki illər öncə soyuducu anbar kompleksləri çatışmadığından yığılan məhsulun xeyli hissəsi çürüyüb məhv olur, çəkilən zəhmət hədər gedirdi. Artıq bu problem həllini tapıb və bu istiqamətdə həyata keçirilən tədbirlər razılıq doğurur.
Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün yeni anbarlar inşa olunmaqdadır. Cari ilin ötən dövründə Şərur rayonundakı Cəlilkənddə fiziki şəxs Yaqub Tağıyev tərəfindən tutumu 500 ton olan, Çərçiboğan kəndində fiziki şəxs Sucəddin Seyidov tərəfindən tutumu 100 ton olan, Yuxarı Aralıq kəndində fiziki şəxs Füzuli Məhərrəmov tərəfindən tutumu 220 ton olan və fiziki şəxs Əhəd Camalov tərəfindən tutumu 180 ton olan, ümumilikdə, 1000 ton tutuma malik soyuducu anbarın yaradılması başa çatdırılıb.
Belə anbarlar sahibkarların öz istehsal məhsullarını saxlaması və tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı istehsalı məhsullarının qəbulu məqsədilə yaradılıb. Yaradılmış soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 21515,0 tondur.
Dövlət maliyyə dəstəyi ilə yaradılmış ümumi tutumu 6730 ton olan soyuducu anbarlar (I qrup) bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi, sahibkarlar tərəfindən şəxsi vəsaitləri və dövlət maliyyə dəstəyi hesabına yaradılmış ümumi tutumu 14785 ton olan soyuducu və digər təyinatlı istifadə üçün olan anbarlar (II qrup) sahibkarların öz istehsal məhsullarını saxlamaq məqsədi daşıyır.
I qrup soyuducu anbarlara cari ilin tədarük dövründə (1 iyun 2016-cı ildən 26 sentyabr 2016-cı ilədək) 2538,0 ton məhsul tədarük edilib. Haliyədə bu qrup anbarlarda 2293,5 ton məhsul mövcuddur.
2016-cı ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu аnbаrlаrа tədarük edilib və keyfiyyəti daim nəzarətdə saxlanılıb. 1 iyun 2016-cı il tarixdən 27 sentyabr 2016-cı il tarixə soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 2892,95 ton məhsul tədarük olunub. Bunun da 2319,24 tonu kartof, 312,16 tonu soğan, 220,0 tonu ərik, 31,93 tonu alma, 9,62 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 599,45 tonunun satışı həyata keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlar münasib qiymətlərlə qəbul edir. Birinci növ kartof məhsulu üzrə 40 qəpik, ikinci növ kartof məhsulu üzrə 25 qəpik, əla növ soğan məhsulu üzrə 40 qəpik, birinci növ soğan məhsulu üzrə 35 qəpik, ikinci növ soğan məhsulu üzrə 25 qəpik, əla növ alma məhsulu üzrə 80 qəpik, birinci növ alma məhsulu üzrə 50 qəpik, ikinci növ alma məhsulu üzrə 30 qəpik, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin alma sirkəsi məhsulu istehsalı üçün üçüncü növ alma məhsulu 5-10 qəpikdən soyuducu anbarlar tərəfindən tədarük olunur.
Meyvə-tərəvəz məhsullarının anbarlara tədarükü istiqamətində işlər davam etməkdədir.
Eyni zamanda soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə anbarlar istehsalçılara icarəyə verilir. Hazırda soyuducu anbarlarda icarə olaraq 574,4 ton məhsul saxlanılmaqdadır.
Xəbərlər şöbəsi