Strateji məhsul olan taxıla tələbatın yerli imkanlar hesabına ödənilməsi muxtar respublikamızda diqqət mərkəzində saxlanılır. Bunun üçün Naxçıvanın torpaq-iqlim şəraiti xeyli üstünlüklərə malikdir.
Hər il artan dövlət qayğısı isə bu sahəyə marağı daha da gücləndirir. Muxtar respublikaya müasir kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin davamlı xarakter alması, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxumlarla təchiz edilməsi, taxılçılara güzəştli kreditlərin verilməsi ildən-ilə məhsul istehsalına öz müsbət təsirini göstərir. Bu baxımdan 2016-cı ili də muxtar respublikanın taxılçıları üçün uğurlu illərdən biri saymaq olar.
Məlumat üçün bildirək ki, ötən ilin payızında və bu ilin yazında muxtar respublikada 31 min 579 hektar sahədə taxıl əkilmişdi. Taxıl zəmilərinə aqrotexniki qulluq göstərilib, 94 min 117 ton məhsul istehsalına nail olunub. Orta məhsuldarlıq 29,8 sentner təşkil edib.
Torpaq mülkiyyətçiləri, sahibkarlar gələn ilin bol məhsulunun əsasını qoymaq üçün yenə də sahələrdədir. Onlar taxılın əkilib-becərilməsində başlıca amillərdən biri olan keyfiyyətli şum qaldırılmasına başlayıblar. Bunun üçün bütün rayonlarda mövcud olan texnikaların gücündən səmərəli istifadə olunur. Məqsəd isə ondan ibarətdir ki, taxıl səpini optimal müddətdə başa çatdırılsın.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu günədək muxtar respublikamızda 5 min hektaradək sahədə şum qaldırılması işi başa çatdırılıb.
Xəbərlər şöbəsi