Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ilin ötən dövründə muxtar respublika ərazisində 246,2 hektar sahədə meyvə bağları salınıb, əkin-bərpa işləri həyata keçirilib. Payız mövsümündə isə 200 hektardan artıq ərazidə yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub. Məlumatda bildirilir ki, bu il ilk dəfə olaraq yarğanlaşmış ərazilərdə, o cümlədən Kəngərli rayonunun Böyükdüz ərazisində və Şərur rayonunun Dizə kəndinə aid Arpaçay vadisində relyefə uyğun olaraq əkin işləri aparılacaq. Bundan əlavə, muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsi məqsədilə Sədərək rayonunun Heydərabad qəsəbəsi yaxınlığında 1 hektar sahədə üzüm, yüksək dağlıq ərazilərdə, xüsusilə Culfa, Şahbuz və Ordubad rayonlarında yeni meyvə bağlarının salınması üçün hazırlıq işləri görülür. Eyni zamanda 2016-cı ilin yaz mövsümündə olduğu kimi, payız mövsümündə də tut tinglərindən ibarət əkin işlərinin kütləviliyini artırmaq məqsədilə sxem planlar tərtib olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada baramaçılığın inkişafına böyük töhfə verəcək.
Səbuhi Həsənov