Naxçıvan Muxtar Respublikasında əvvəllər qarğıdalı bitkisindən heyvandarlıqda və yeyinti sənayesində istifadə olunub.
Son illər qarğıdalı bitkisinin əkilib-becərilməsinə maraq artıb. Daha çox fərdi təsərrüfatlarda əkilib-becərilir. Bir neçə ildir ki, qarğıdalı Şərur rayonunda kənd təsərrüfatının üstün istiqamət verilən sahələrindən birinə çevrilib. Cari təsərrüfat ilində qarğıdalı əkini sahələri əvvəlki illə müqayisədə iki dəfə artıb. Belə ki, ötən il 624 hektar sahədə qarğıdalı əkilmiş, bu sahələrdən 2500 tondan çox məhsul götürülmüşdü. Bu il əkin sahələri 1119,21 hektara çatdırılıb. Rayonun Çərçiboğan, Xanlıqlar, Oğlanqala, Düdəngə, Zeyvə, Çomaxtur, Yengicə yaşayış məntəqələrində daha çox qarğıdalı əkilib. Əkinlərə aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 137 hektar sahədən 1274,1 ton məhsul tədarük edilib. Bu isə orta hesabla hər hektardan 93 sentner məhsul deməkdir. Hələlik sahələrdə 4 kombayn işləyir. Məhsulun vaxtında və itkisiz toplanılması üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon bazası öz köməyini əsirgəmir.
Məlumat üçün bildirək ki, qarğıdalı bitkisi taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Bu bitkidən dən və silos alınır. Dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır. Qarğıdalı bitkisinin gövdəsindən, yarpaq və qıçalarından kağız, linoleum, süni probkalar, plastik kütlə və digər məhsullar hazırlanır.
Qarğıdalı dəninin tərkibində yağ, zülal və fitin maddəsi vardır və vitaminlərlə zəngindir. Bu bitki yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur. Xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı orqanizmi toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Qarğıdalı saçağının dəmlənib içilməsi də bəzi xəstəliklərin müalicəsində faydalıdır.
Onu da qeyd edək ki, “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2012-ci ildə kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artıb, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunub. Cari ildə də alıcı tələbatının öyrənilməsi və buna uyğun olaraq yeni çeşiddə çörək istehsalı diqqət mərkəzində saxlanılıb, kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsalına başlanılıb.
Xəbərlər şöbəsi