23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika iqtisadiyyatında müşahidə olunan davamlı inkişaf nəticəsində mülkiyyət münasibətlərində iştirak edən subyektlərin sayının artması daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində yeni yanaşmalar tələb edir. Bu baxımdan işdə mütəşəkkilliyin təmin edilməsi və mütərəqqi metodların tətbiqi 2016-cı ilin avqust ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmış, qarşıya qoyulmuş vəzifələrin icrası uğurla davam etdirilmişdir.

Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılması sahəsində görülən tədbirlər çərçivəsində 560 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Təsdiq olunmuş qrafik əsasında Şərur rayonunun Cəlilkənd və Xanlıqlar, Ordubad rayonunun Azadkənd və Gənzə, Şahbuz rayonunun Nursu, Babək rayonunun Məzrə, Culfa rayonunun Əbrəqunus, Kəngərli rayonunun Şahtaxtı kəndlərində vətəndaşlara səyyari xidmət göstərilmiş, 102 müraciətə baxılmışdır. Bu dövrdə 638 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilmiş, əmlakların real bazar münasibətlərinə uyğun qiymətləndirilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə əsasən 5 əmlak qiymətləndirilmiş, 50 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 74 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.

Komitədə informasiya texnologiyalarının tətbiqi və məlumat bazasının təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Mövcud informasiya sistemlərinin və Milli Qeydiyyat Sisteminin işlək vəziyyətdə saxlanılmasına mütəmadi nəzarət olunmuş, hər həftənin sonunda məlumat bazası elektron yaddaş qurğularına köçürülərək arxivləşdirilmiş, vətəndaşlardan qəbul edilmiş 486 ərizə Milli Qeydiyyat Sisteminə daxil edilmişdir. Bundan başqa, Şərur rayonunda “Daşınmaz əmlakın qeydiyyatı, torpaqlardan səmərəli istifadə və mühafizəsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilmiş, yerli icra nümayəndələrinə və bələdiyyə sədrlərinə daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı qanunvericiliyin tələbləri, torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və mühafizəsi barədə ətraflı məlumat verilmiş, maarifləndirici broşürlər paylanmışdır.
Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən avqust ayında Şərur rayonunun Aşağı Yaycı, Axaməd və Axura bələdiyyələrinə aid sərhəd xəritələri və yerquruluşu materialları elektron variantda işlənmiş, Culfa rayon inzibati ərazi vahidinin tərkibinə daxil olan Culfa şəhəri, Bənəniyar, Camaldın və Dizə bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələri ortofotoplana əsasən dəqiqləşdirilmiş və xəritələri hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması ilə əlaqədar işlər davam etdirilmişdir. Həmçinin “Gəmiqaya” Tarix-Bədii Qoruğunun yerquruluşu planı hazırlanaraq Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə, Şahbuz, Ordubad, Culfa, Kəngərli və Şərur rayonlarının əraziləri üzrə yay otlaq sahələrinin yerləşdiyi ərazilərin planı hazır­lanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kəngərli rayonunun Çalxanqala və Böyükdüz kəndlərinin həyətyanı torpaq sahələrinin yerquruluşu planı hazırlanaraq komitənin Kəngərli Rayon İdarəsinə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR