Naxçıvan şəhərində fəaliyyət göstərən “Damla” şirniyyat mağazasında satılan məhsulların keyfiyyəti haqqında xoş sözlər çox eşitmişdim. Elə özüm də bu məhsullardan dəfələrlə almışam və indi də alıram. Bəs dadlı-tamlı tortlar, şorqoğal, paxlava, şəkərbura və içli kökələr necə hazırlanır? Bu suala cavab tapmaq üçün istehsal müəssisəsində olduq.
Bizi sexin rəhbəri Sarvan Əliyev qarşıladı. Gənc sahibkar bildirdi ki, muxtar respublikamızda sahibkarlığa yaradılan şərait onu şirniyyat istehsalına yönləndirib:
– Bu sahədə heç bir təcrübəm yox idi. Amma qarşısına məqsəd qoyan insan hər bir peşəyə, sənətə yiyələnə, o sahədə öz yerini təsdiqləyə bilər. Bir şərtlə ki, gördüyün işə məhəbbət ola. Bu da bir gerçəklikdir ki, insan əməyinə lazımi qiymət verilən yerdə, fəaliyyətinə geniş şərait yaradılan məkanda uğurlar qazanmaq çətin olmur. Bu amillər muxtar respublikamızda bütün sahibkarların yoluna yaşıl işıq yandırıb.
Sarvan doğulduğu Culfa rayonunun dağ kəndi Galda nənəsinin, anasının təndirdə bişirdikləri, necə deyərlər, ətri “beş ağaclıqdan” adamı vuran kökələrin reseptini alaraq şəhərə, müasir avadanlıqlarla təmin olunmuş sexə gətirib. İlk olaraq bu reseptlər əsasında məhsul istehsal ediblər. Ancaq görüblər ki, bununla kifayətlənmək, rəqabətədavamlı məhsul istehsal etmək olmaz. O mənada ki, bu gün bazar iqtisadiyyatı dövrü sahibkarlardan sağlam rəqabət tələb edir. Sahibkar da muxtar respublika bazarlarında, çeşid-çeşid şirniyyat bolluğunda özünü doğrultmaq, istehlakçı tələbatını ödəmək üçün kitablara üz tutub, milli şirniyyatlarımızın sirlərini öyrənib, müxtəlif çeşidlərə bələd olub. Deyir ki, bu sahə yaradıcılıq tələb edir. Gərək düşünüb daha dadlı, alıcıların tələbini, zövqünü oxşayan şirniyyat növləri istehsal edəsən.
Öyrəndik ki, hazırda sexdə 20 çeşiddə məhsul istehsal olunur. Həmin məhsullar artıq bazarda özünə kifayət qədər alıcı toplayıb. Şorqoğal, paxlava, badambura, qat-qat, qurabiyə kimi Şərq şirniyyatları, türk paxlavası, rəvani, kişmişli, şokoladlı, kokoslu şirniyyatlar piştaxtada çox qalmır. Müəssisənin rəhbəri bu barədə deyir ki, istehsal olunan şirniyyatların istifadə tarixi 15 gün olsa da, çoxunun satışı 2-4 günə başa çatır.
“Damla” şirniyyat mağazasında rastlaşdığım müştərilərlə söhbətimdə buna bir daha əmin oldum. Alıcı Nigar Məmmədli bildirdi ki, Bakı şəhər sakinidir. Orada şirniyyat müəssisələrinin birində çalışır. Deyir ki, həmişə Naxçıvana qonaq gələndə qohumlara şirniyyat alıb gətirirdim. Amma indi bildirirlər ki, burda hazırlanan məhsullar heç də orada istehsal edilən şirniyyatlardan geri qalmır. Düşünürəm ki, muxtar respublikada sahibkarlığa yaradılan bu şərait, göstərilən qayğı alıcılara və xüsusən xanımlara böyük töhfədir.
Mağazadan çıxanda düşünürdüm ki, bu gün muxtar respublikada hər bir sahənin inkişafına yüksək qayğı var. Qalır ki, bu qayğıdan səmərəli istifadə edəsən.
Sarvan Əliyevin sahibi olduğu istehsal müəssisəsinin kollektivi də bu həqiqəti dərindən dərk edir ki, hazırladığı məhsullar alıcı zövqünü oxşayır.
Hafizə Əliyeva