Bu gün muxtar respublikamızda ümumi daxili məhsul istehsalında ilk yeri sənaye sahəsi tutur. Cari ildə də bu sahədə gözəçarpan nəticələrə nail olunub. Belə ki, ilin yeddi ayı ərzində sənaye üzrə 591 milyon 241 min 700 manat həcmində sənaye məhsulları istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz çoxdur.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin də qazanılan uğurlarda payı var. Bu müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Müəssisədə müasir texnoloji avadanlıqların quraşdırılması keyfiyyətli məhsul istehsalına imkan verir.
Onu da qeyd edək ki, müəssisəyə xammal Kəngərli rayonunun ərazisindən gətirilir. Müəssisədə sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə mövcud imkanlardan səmərəli istifadə edilir. Blok şəklində istehsal sahəsinə daxil olan xammal ilkin olaraq müəyyən ölçülərdə kəsilərək cilalanır. Beş mərhələdə ayrı-ayrı dəzgahlardan keçdikdən sonra sifarişə uyğun formalara salınaraq dekorativ bordür, travertin döşəmə, çapçı daşlar, sütunlar və müxtəlif formalı fiqurlar istehsal edilir, muxtar respublikada fəaliyyət göstərən tikinti təşkilatlarına yola salınır. Ümumiyyətlə, müəssisədə cari ilin yeddi ayı ərzində travertin və mərmər plitələr, mozaika, karniz və bordür olmaqla, 7 min 197 ton daş məhsulları istehsal edilib.
Xəbərlər şöbəsi