23 Dekabr 2024, Bazar ertəsi

Əkinçilikdə yüksək məhsuldar toxumlardan istifadə bol məhsul istehsalının mühüm şərtlərindəndir.  Tarixən insanlar torpaqdan daha çox və daha keyfiyyətli məhsul ala bilmək üçün müxtəlif seleksiya üsullarından istifadə  edərək məhsuldar bitki sortları əldə ediblər. Muxtar respublikamızda hazırda bu vacib sahənin inkişafına göstərilən diqqət buranın iqlim və torpaq xüsusiyyətlərinə görə məhsuldar toxum sortlarının yetişdirilməsi və torpaq mülkiyyətçilərinin belə toxumlarla təmin olunması məsələlərini əhatə edir.  

Toxumçuluğun kənd təsərrüfatında hansı əhəmiyyəti vardır? Bu barədə həmsöhbət olduğumuz Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayev bildirdi ki, kənd təsərrüfatının bu vacib sahəsinin mühüm iqtisadi əhəmiyyəti vardır. Müasir dövrdə toxumçuluq elmi bazaya əsaslanan, araşdırma, təcrübə və müşahidələr əsasında inkişaf edib iqtisadi səmərə verən bir sahədir. Hazırda muxtar respublikamızda əsas ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsində yüksək reproduksiyalı buğda sortlarından istifadə bunu deməyə əsas verir. Şübhəsiz, bu sahədə akademik Həsən Əliyevin yetişdirdiyi və hazırda Naxçıvanda da yüksək məhsuldarlıqla istifadə olunan “Qobustan”, “Gilavar”, “Xəzri” kimi yerli və eləcə də “Bezostaya”, “Dağdaş”, “Renan”, “Quality” kimi idxal buğda sortlarının tətbiqini qeyd etmək lazımdır. Hazırda yüksək məhsuldar toxum sortları vasitəsilə taxılçılıqda bol məhsul əldə olunur ki, bu da kənd təsərrüfatının gəlirliliyini təmin edir, bu sahəyə olan marağı artırır.

Toxumçuluq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biri, bitki genofondunun qorunub saxlanılmasının mühüm prinsiplərindəndir. Başqa sözlə, əhalinin sağlamlığı kimi mühüm məsələləri də özündə ehtiva edən toxumçuluq davamlı olaraq həyata keçirilən bir iş kimi öz əhəmiyyətini göstərir. Ancaq bölgənin torpaq, iqlim xüsusiyyətlərinə uyğunlaşmış və yüksək məhsul verən toxum sortları almaq heç də asan məsələ olmayıb, ardıcıl və elmi əsaslarla həyata keçirilən araşdırma və təcrübi üsulların vəhdəti ilə hasilə gəlir. Misal üçün, buğda sortlarının alınması zamanı orijinal hesab edilən ilkin toxum seleksiya yolu ilə alınır. Seleksiya müəssisələrində yetişdirilən belə superelit sortlar daha sonra çoxaldılaraq elit toxumlar şəklində təsərrüfatlara paylanılır. Torpaq mülkiyyətçilərinə verilmiş toxumlar əsasında R1, R2, R3 reproduktiv toxumlar istehsal olunur. Bunlardan da R1 ən yaxşı toxumluq buğda hesab edilir.
Hazırda muxtar respublikamızda toxumluq buğda əkilib-becərilməsi ilə beş təsərrüfat məşğul olur. Bunlar “Bərəkət”, “Araz” Elm-İstehsalat Birliyinin toxumçuluq təsərrüfatı, Şərur rayonunda fəaliyyət göstərən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatı və yenə də Şərurdakı “Sədi” və “Təbriz” toxumçuluq təsərrüfatlarıdır. Cari ildə bu təsərrüfatlarda indiyə qədər, təqribən, 1100 tondan çox toxumluq buğda istehsal olunub. Hazırda hasil olunmuş toxumun ələnib dərmanlanması və qablaşdırılması davam etdirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, muxtar respublikamızda istehsal olunan bütün taxılın toxum təminatı məhz yerli istehsal hesabına ödənilir.
Kənd təsərrüfatında hər bir sahə kimi, toxumçuluq sahəsində də davamlı inkişaf tələb olunur. Başqa sözlə, burada yeni sortların yetişdirilib çoxaldılması kimi regiona məxsus ənənəvi sortların da qorunub saxlanılması günün vacib məsələlərindəndir. Bu işdə muxtar respublikamızda toxum və ting istehsalı ilə məşğul olan təsərrüfatların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına ehtiyac vardır. Belə ki, dənli və dənli-paxlalı bitkilərin toxumçuluğunda xeyli inkişaf olsa da, tərəvəz, kartof, soğan, qarğıdalı və yem bitkilərinin toxumçuluğunda, habelə tingçilik sahəsində hələ də arzuedilən səviyyəyə çatılmayıb. Halbuki muxtar respublikamızda bunun üçün imkanlar vardır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi toxumları analiz etmək üçün lazımi avadanlıqlarla təmin olunub. Burada pulsuz olaraq toxumları analiz etmək mümkündür ki, yaradılmış bu şəraitdən torpaq mülkiyyətçiləri istifadə edə bilərlər.
Həmsöhbətim onu da qeyd etdi ki, zəmilərdən, bağ və bostanlardan yaxşı məhsul əldə etmək üçün yüksək məhsuldar toxumlardan istifadə ilə bərabər, eyni zamanda aqrotexniki tədbirlərə vaxtında əməl olunması, temperatur, nəmlik kimi mühüm şərtlərin diqqətə alınması lazımdır. Əkindən qabaq yetişdirilmiş toxumlar hökmən dərmanlanmalı, əkin optimal müddətdə keçirilməlidir. Məhz belə olduqda hər bir torpaq mülkiyyətçisi öz zəhmətinin bəhrəsini daha çox görəcək, süfrələrimizin bərəkəti bol olacaqdır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR