Ərzaq məhsulları istehsalı kənd təsərrüfatının qarşısında duran əsas vəzifədir. Muxtar respublikamızda kənd təsərrüfatının dayanıqlı inkişafı, onun çoxşaxəliliyinin təmin olunması istiqamətində aparılan tədbirlər müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalına əlverişli şərait yaratmışdır.
Kənd təsərrüfatı qayğıya həssas bir sahədir. Belə ki, ərzaq təhlükəsizliyi kimi mühüm məsələnin həllində torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarların yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cinslərin yetişdirilməsi, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, kənd təsərrüfatı risklərə qarşı da həssas olub digər sahələrə nisbətən təbii amillərdən daha çox asılıdır. İstər bitkiçilik, istərsə də heyvandarlıq məhsullarının istehsalında, habelə hazır məhsulun daşınması və anbarlanması zamanı yaranan qəfil, gözlənilməz hadisələr – yanğın, dolu, sel, daşqın, fırtına, şaxta və ildırım vurması, partlayış, elektrik cərəyanının təsiri, gün, yaxud istivurma, zəlzələ, uçqun, sudaboğulma, ilanların, yaxud digər zəhərli həşəratların sancması, dərəyədüşmə və başqa zədələnmələr kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları və fermerləri çətin vəziyyətə sala bilər. Bu da, öz növbəsində, kənd təsərrüfatı sığortasını aktual edir.