Nəzarət-kassa aparatlarından istifadə vəziyyəti ilə bağlı bir neçə qeyd
Naxçıvan Muxtar Respublikasında ticarət və xidmət sahələrində əhalidən ödənc şəklində daxil olan nağd pul vəsaitlərinin qəbulunu və qeydiyyatını qaydaya salmaq, pul dövriyyəsini möhkəmləndirmək, vergilərin yığılıb büdcəyə daxil olmasını təmin etmək və istehlakçıların hüquqlarını müdafiə etmək məqsədilə hüquqi-təşkilati və mülkiyyət formalarından, habelə tabeliyindən asılı olmayaraq, bütün ticarət, ictimai iaşə və xidmət obyektlərində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatları tətbiq olunur, bu sahə ilbəil təkmilləşdirilir. Ancaq bütün bunlara baxmayaraq, nəzarət-kassa aparatlarından istifadə sahəsində nöqsanlar hələ də qalmaqdadır. Bunu ən böyük bölgələrimizdən biri olan Şərur rayonunda apardığımız müşahidələr zamanı bir daha gördük.
Müşahidələrimiz zamanı məlum oldu ki, rayonun Xanlıqlar kəndində fəaliyyət göstərən ərzaq mağazasında satıcı nəzarət-kassa aparatını yalnız çek tələb etdikdən sonra işə salır. Həmin kənddəki sənaye malları mağazasında isə sözügedən aparat işləmirdi. Satıcı bunu onunla izah etdi ki, o, yeni gəlib və nəzarət-kassa aparatını işlətməyi bacarmır.
Həmin rayonun Kürkənd xidmət mərkəzindəki ərzaq mağazasında nəzarət-kassa aparatı, ümumiyyətlə, yox idi, POS-terminal isə işləmirdi. Kürçülü kəndindəki ərzaq mağazasında isə satıcı nəzarət-kassa aparatının uzun müddətdir, işləmədiyini, düzəldilməsi üçün müvafiq quruma müraciət etdiyini söylədi. Rayonun Yengicə kəndindəki mağazalarda da nədənsə, satıcılar nəzarət-kassa aparatını işə salmağı unudurlar. Cəlilkənddəki mağazalarda nəzarət-kassa aparatlarının olmamasını bununla izah etdilər ki, burada obyektlər yaxın vaxtlarda istifadəyə verilib. Müraciət ediblər, gəlib quraşdıracaqlar.
Bənzər vəziyyətlə Şərur şəhərində də qarşılaşdıq. Mağazaların əksəriyyətində satıcılar nəzarət-kassa aparatından istifadə etmirlər. Şərur şəhərindəki “Sümbül Market” adlanan mağazada satıcı yalnız çek tələb etdikdən sonra nəzarət-kassa aparatını işə saldı.
Şahbuz rayonunda nəzarət-kassa aparatlarının işlək vəziyyətdə olub-olmaması ilə əlaqədar bir neçə dəfə araşdırma aparmağımıza, bununla bağlı müvafiq orqanlara məlumat verməyimizə baxmayaraq, bu sahədə nəzərəçarpan irəliləyiş yoxdur. Belə ki, Aşağı Qışlaq kəndində İntiqam Eylazova, Şahbuz şəhərində Məhərrəm Salmanov və Ədalət Məmmədova aid mağazalarda nəzarət-kassa aparatlarının işlək vəziyyətdə olmadığının şahidi olduq. Hətta israrla çek tələb etməyimizə baxmayaraq, Məhərrəm Salmanova məxsus mağazada bu avadanlığı uzun müddət işə sala bilmədilər. Rayon ərazisindəki əksər mağazalarda vəziyyət eynidir.
Ordubad rayonundakı mağazalarda nəzarət-kassa aparatlarından istifadə etmək lazım olduğunu biz yada saldıq. Belə ki, Ordubad şəhərindəki Cəfər Nəsirova aid əczaxananın satıcısı Madər Məmmədovadan çek tələb etdikdə o, nəzarət-kassa aparatının işləmədiyini bildirdi. Eyni vəziyyətlə şəhərdəki Şahin Ağacanova və Rəsmiyyə Həsənovaya məxsus mağazalarda da qarşılaşırıq. Şəhərdəki ticarət mərkəzindəki ət satışı mağazasında isə nəzarət-kassa aparatının olmamasını qəribə bir məntiqlə əsaslandıraraq dedilər ki, ət satışı mağazalarında nəzarət-kassa aparatının quraşdırılmaması tapşırılıb.
Culfa şəhərində isə nəzarət-kassa aparatları ilə bağlı ciddi iş aparılıb. Müşahidə apardığımız mağazalarda nəzarət-kassa aparatlarından istifadə edildiyinin şahidi olduq.
Naxçıvan şəhərindəki böyük ticarət mərkəzlərində bu sahədə aktivlik var, yəni müştərinin tələb edib-etməməsindən asılı olmayaraq, çek təqdim olunur. Ancaq eyni sözləri xırda sahibkarlıq subyektləri haqda demək olmaz. Belə ki, şəhərin Atatürk küçəsindəki Asif Əliyevə məxsus olan bəzək əşyaları mağazasında satıcı nəzarət-kassa aparatının təmirdə olduğunu dedi. Xətai küçəsindəki Mərkəzi Bazarda 11 nömrəli mağazanın sahibi Vaqif Süleymanov dedi ki, buradakı mağazaların əksəriyyətində nəzarət-kassa aparatı yoxdur. Sahibkar Telman Quliyevə aid mağazada piştaxtanın arxasında olan şəxsdən nəzarət-kassa aparatını işə salmasını və nümunə üçün çek verməsini xahiş etdikdə deyir ki, bu aparatı ancaq mağaza sahibi işlədə bilir. Bazarda daha bir mağaza sahibi Hünər Heydərovla da nəzarət-kassa aparatının əhəmiyyəti ilə bağlı həmsöhbət oluruq. O deyir ki, kimliyindən asılı olmayaraq, hər kəsə çek verilir. Ancaq məsələ ondadır ki, alıcılardan heç biri çek tələb etmir, ona uzadılan çekə etinasızlıq göstərir. Bu da bəzi mağaza sahiblərində arxayınçılıq yaradır.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki fiziki şəxs Kəmalə İbrahimovaya və Teymur Qasımova məxsus mağazalarda satıcılar biz çek tələb etdikdən sonra nəzarət-kassa aparatını işə saldılar. Həmin küçədəki “Nur” əczaxanasında da satıcı ancaq tələbdən sonra çek verir.
Müşahidələrimiz zamanı gördük ki, ticarət obyektlərinin böyük əksəriyyətində nəzarət-kassa aparatlarının işlək vəziyyətdə olmasına soyuq münasibət göstərilir. Bu zaman belə bir sual ortaya çıxır. Sahibkarlar vergini hansı şəkildə ödəyir, vergi əməkdaşları həmin sahibkarın aylıq dövriyyəsini necə hesablayırlar? Axı, həmin dövriyyəni yalnız və yalnız nəzarət-kassa aparatı və ya POS-terminal göstərə bilər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını və digər məsələlərlə yanaşı, vergi ödəyicilərinin vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini müəyyən edir. Məcəllədə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək və nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunub. Məcəllədə o da qeyd edilir ki, istismar zamanı nəzarət-kassa aparatının plompu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi ödəyicisi vergi orqanlarına dərhal məlumat verməklə nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmalı və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməlidir. Bu vəzifələrin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi vergi qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə olunmaqla əhali ilə pul hesablaşması qaydalarının pozulmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə müəyyən məbləğdə maliyyə sanksiyası tətbiq edilir.
Sonda nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qonşu ölkə olan Türkiyədə qarşılaşdığım bir hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Bu ölkənin İstanbul şəhərində hədiyyəlik əşyalar mağazasından Naxçıvana gətirmək üçün bir neçə hədiyyə aldım. Satıcı elə o dəqiqə çeki mənə təqdim etdi. Ancaq mən buna əhəmiyyət verməyib çeki kassa aparatının yanında qoyub bayıra çıxdım. Elə həmin dəqiqə iki nəfər başımın üstünü kəsdirdi və bu malları haradan aldığımı soruşdu. Mən isə yaxınlıqdakı mağazanı göstərdim. Onlar buna inanmadıqlarını və mənim bu əşyaları oğurladığımı iddia etdilər. Dedilər ki, əgər buradan almısansa, onda çeki göstərməlisən. Təbii ki, elə öz günahımdan çek mağazada qalmışdı və onu axtarıb tapmaq uzun bir zaman aldı. Uzun mübahisədən sonra məlum oldu ki, bu adamlar yerli vergi xidmətinin əməkdaşlarıdır və insanları çek tələb etməyə alışdırmaq üçün bu vasitəyə əl atıblar.
Bəli, nəzarət-kassa aparatlarının işləməməsinin əsas səbəblərindən biri də vətəndaşların məsələyə səhlənkar yanaşmasıdır. Çünki biz istehlakçılar alınmış mallara görə mağazadan çek almadan ordan uzaqlaşırıq. Belə olan halda vergilərin tam şəkildə ödənilməsinə şərait yarada, beləliklə də, dövlətimizin inkişafına töhfə verə bilmərik. Sahibkarlar vergidən yayınmaq üçün nəzarət-kassa aparatlarının işləməməsində maraqlı ola bilərlər. Vətəndaşlar isə vergilərin büdcəyə tam həcmdə ödənilməsində maraqlı olmalıdır. Yaxşı bilməliyik ki, istər vergi ödəyicisinin, istərsə də istehlakçının fərdi maraqlarının təmin olunmasından başqa, nəzarət-kassa aparatının tətbiqi, ümumən, cəmiyyətin maraqlarına xidmət edir. Bu sual hamımızı düşündürməlidir: nəyə görə mənim ödədiyim vergi dövlətimin büdcəsində toplanmasın? Axı yığılan vergilər son nəticədə əməkhaqlarının artırılmasına, sosial proqramların icrasına, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, bir sözlə, insanların rifah halının yüksəldilməsinə yönəldilir. Tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınması kölgə iqtisadiyyatının qarşısının alınmasına, vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə, iqtisadiyyatın inkişafına, dövlətin güclənməsinə gətirib çıxarır. Ona görə də bu işdə hər bir muxtar respublika sakini həssaslıq göstərməli, əsl vətəndaş mövqeyi nümayiş etdirməlidir.
Səbuhi Hüseynov