23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin digər regionlarında olduğu kimi, muxtar respublikamızda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir, Naxçıvan şəhərindən, rayon mərkəzlərindən başlamış ucqar dağ və sərhəd kəndlərinədək geniş və rahat yollar salınır, yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilir, yeni məktəblər, kənd mərkəzləri tikilib sakinlərin istifadəsinə verilir. Qədimliyi saxlanılmaqla müasirləşən, yeniləşən Naxçıvanın simasına yeni çalarlar qatan, müasir memarlıq üslubu ilə gözoxşayan, bir-birini tamamlayan, lakin bir-birinə bənzəməyən sənət əsərləri həyata vəsiqə alır, insanların məşğulluğuna, istirahətinə və onlara nümunəvi xidmət göstərilməsinə əlverişli şərait yaradılır. İnsanların maddi rifahı yaxşılaşdıqca, təbii ki, daha yaxşı fərdi yaşayış evləri tikilir, daha komfortlu avtomobillər alınır. Amma istər təhlükəsizlik, istərsə də rahatlıq baxımından avtomobillərin mütəmadi olaraq müayinədən keçirilməsi, lazımi ehtiyat hissələrinin yenilənməsi də vacib şərtdir. 

Soyuq qış günü idi. Avtomobilimdə yaranmış nasazlıqla əlaqədar ustaya müraciət etdim. Usta lazım olan ehtiyat hissələrini siyahı edib almağı məsləhət gördü. Mən də siyahı əlimdə həmişəki kimi, mütəmadi alver etdiyim ehtiyat hissələrinin satışı mağazasına, Mehman ustanın yanına yollandım. Başı bərk qarışıq idi. Məndən öncəki müştərilərin verdikləri sifarişə uyğun olaraq axtarış aparır, üst-üstə qalaqlanmış ehtiyat hissələrinin birini tərpədən kimi 10-15-i aşıb tökülür, bir-birinə qarışırdı. Bir tərəfdən də qurduğu odun sobasına atdığı plastik tara qırıqları, karton kağız yanmır, tüstüdən göz-gözü görmürdü. “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”, – deyən Mehman usta əllərini ovuşdura-ovuşdura qapının şüşəsindən görünən yaraşıqlı binaları göstərib, – İnşallah, bizə də belə bir yaraşıqlı bina tikilər, bu əzab-əziyyətdən canımız qurtarar, – deyib əlimdəki siyahını alıb yenidən axtarışa başladı. 

– Usta, Naxçıvan şəhərində şəraitli bir satış mərkəzi inşa olunur. Yaxın günlərdə istifadənizə verilər. Siz şəraitsiz bir yerdə, uyğunlaşdırılmış binada işləməkdən, biz alıcılar isə saatlarla vaxt itirməkdən xilas olarıq – dedim. Mehman usta əlindəki siyahını mənə uzadıb, – bir-ikisini tapa bilmədim, qonşu dükanda Cəmşiddən soruş, – dedi. Cəmşidin dükanı elə darısqal idi ki, hərəkət etmək mümkün deyildi. Qapıdan boylanıb siyahını ona verdim. Yarım saat axtardıqdan sonra dükandan çıxan Cəmşid əlində dəmir nərdivanla qayıtdı. Ehmalca dükana söykəyib təhlükəsizlik baxımından bir-iki yoxlama apardıqdan sonra çox da hündür olmayan binanın üstünə çıxıb “əməliyyatı” davam etdirdi. Birsaatlıq “tavan əməliyyatı” uğurlu sonluqla başa çatdı. Amma Cəmşid usta neçə illərdir, istifadə etdiyi nərdivanı buzun üstünə qoyduğundan pillələri bir-bir enməyə ehtiyac olmadı. Elə nərdivanla birlikdə yerə çırpıldı. – Eh, bu şəraitdə işləmək olar? – deyib öz-özünə gileylənib üst-başını çırpa-çırpa əlindəki ehtiyat hissələrini mənə verdi. Beləliklə, ehtiyat hissələrinin satışı mağazası adlandırdığımız, lakin qaraja oxşar tikilidə baş verən tragikomik əhvalatdan qurtulub təmir sexinə yollandım.
Elə avtomobil bazarında da eyni vəziyyət hökm sürürdü. Avtomobillərin alqı-satqısı ilə məşğul olanlar neçə ildir, daha çox gediş-gəlişi olan “Cahan” Ticarət Mərkəzinin ətrafında – “Qoçüstü” məhəlləsində lövbər salıb, “bazar” qurmuşdular.
Yaşadığım “Qoçüstü” məhəlləsində üzərində “satılır” yazılmış avtomobillər xüsusilə şənbə və bazar günləri ərazini “mühasirəyə” alır, avtomobillərin və piyadaların hərəkətinə maneçilik törədir, bu ərazidə yaşayanların gediş-gəlişini müşkülə çevirir, əlavə problemlər yaradırdı. İnsafən onu da deyək ki, həftənin digər günlərində bir az sakitlik və seyrəklik olsa da, bəzi avtomobil sahibləri bunu da bizə çox görür, elə maşınlarını yol kənarında qoyub getməklə qəza şəraiti yaradırdılar.
Cari ilin fevral ayında Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qarajın istifadəyə verilməsi ilə bu sahədə olan problemlər aradan qaldırılıb. Zirzəmi ilə birlikdə iki mərtəbədən ibarət olan, 12 min 120 kvadratmetr ərazini əhatə edən mərkəzin zirzəmisində 304 yerlik yeraltı qaraj, yerüstü hissəsində isə 192 yerlik avtomobil satışı yeri, 57 ehtiyat hissələri mağazası, kafe və texniki xidmət sahələri fəaliyyətə başlayıb. Ümumi sahəsi 40 kvadratmetr olan, hər biri fərdi istilik sistemi ilə təchiz olunmuş mağazalarda istənilən modeldə avtomobillərin ehtiyat hissələrinin satışı təşkil edilib. Həmçinin mərkəzdə avtoyuma, elektrik və çilingər xidmətlərinin də göstərilməsinə əlverişli şərait yaradılıb. Nümunəvi xidmət göstərilməklə bərabər, əhalinin məşğulluğu da təmin olunub, ümumilikdə, 200-dən artıq yeni iş yeri açılıb.
Burada avtomobillərin maneəsiz hərəkəti və təhlükəsizliyi üçün bütün tədbirlər görülüb, müasir havalandırma, işıqlandırma və yanğınsöndürmə sistemləri qurulub, giriş və çıxışlar avtomatlaşdırılıb. Mərkəzin ərazisində videonəzarət sistemi yaradılıb.
Satışa çıxarılan avtomobil ehtiyat hissələrinin standartların tələblərinə uyğunluğu nəzarətdə saxlanılıb, alqı-satqı zamanı avtomobillərin dövlət qeydiyyatı və sığorta olunması məqsədilə mərkəzdə səyyar xidmətin təşkili də təmin olunub.
Müasir tələblərə uyğun qurulan Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj təkcə Mehman ustanın, Cəmşid ustanın yox, yüzlərlə avtomobil sahibinin arzusunu reallığa çevirib. Bu obyekt nümunəvi satış mərkəzi olmaqla bərabər, yerləşdiyi əraziyə yeni bir görkəm verib. Bu yaradılanları gördükcə istər-istəməz keçmişi xatırlayırsan. Bir vaxtlar çala-çökək yollar üzündən taksi sürücülərinin “ehtiyat təkərim yoxdur” deyib, maşın sürməkdən boyun qaçırdıqları bu ərazi son illər abadlaşdırılıb, burada müasir üslubu ilə gözoxşayan “Naxçıvan” Universiteti şəhərciyi istifadəyə verilib, çoxmərtəbəli ictimai yaşayış binaları tikilib, qədimliyi özündə əks etdirən Şərq hamamı inşa olunub. Elə bu günlərdə istifadəyə verilən Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi də Naxçıvan şəhərinin gözəlliyinə yeni çalarlar qatıb.
Avtomobili olanlar yaxşı bilir. Kim ehtiyat hissələrini kimdən alırsa, yerini dəyişsə də etibarlı tərəfdaş kimi harada olursa-olsun onu axtarıb tapır. Elə mən də, necə deyərlər, bu yazılmamış qanuna əməl edib satış mərkəzində Mehman ustanı, Cəmşidi soraqlaşıb tapdım. Hal-əhval tutduq. Əhval-ruhiyyələri yaxşı idi.
– Ay Mehman usta, şükür çox gözəl şəraitiniz var. Bəs sizin pas basmış odun sobanız hanı?
Mehman usta ilə bərabər, mağazadakı müştərilər də gülüşdülər.
– Daha ona ehtiyac yoxdur. Burada müasir istilik sistemi var.
Ayrı-ayrı bölmələrdə səliqə ilə düzülmüş ehtiyat hissələrini göstərərək – daha saatlarla vaxt itirməyəcəyik, – deyir. Nümunəvi xidmət üçün hər cür şərait yaradılıb. İndi istənilən modeldə avtomobillərin ehtiyat hissələri bu mərkəzdə satılır. Daha o döngə sənin, bu döngə mənim deyib ehtiyat hissələri axtarmağa ehtiyac yoxdur. İndi nəinki ehtiyat hissələri, elə istənilən modeldə avtomobilləri də bu satış mərkəzindən almaq olur. Həm satıcılar, həm də alıcılar adından bu şəraiti yaradanlara minnətdarlığımızı bildiririk.
Mərkəzdə söhbətləşdiyim və bu ərazidə yaşayan, yeraltı qarajın xidmətlərindən istifadə edən avtomobil sahibləri də yaradılan şəraitdən razılıqlarını ifadə etdilər. Beləcə, müasirləşən, yeniləşən Naxçıvanın quruculuq xəritəsinə yazılan daha bir ünvandan xoş təəssüratla ayrıldıq. İftixar hissi keçirdik. Qurub-yaradan əlləriniz var olsun, – dedik.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR