Yeni texnologiyaların tətbiqi cəmiyyətin iqtisadi-mədəni inkişafına öz təsirini göstərən mühüm amillərdən biridir. İqtisadi həyatın mühüm hərəkətverici qüvvələrindən biri olan pul dövriyyəsi mexanizminin təkmilləşdirilməsinə yönəlmiş belə addımlar isə bu sahədə əsaslı dəyişikliklərə səbəb olmaqla iqtisadi və sosial həyatda bir sıra problemləri kökündən həll etməyə imkan verir. Elektron pul dövriyyəsi və qeyri-nağd ödənişlərə keçid bu baxımdan müasir dövrdə diqqət mərkəzindədir. Muxtar respublikamızda elektron ödəniş xidmətlərinin tətbiqinin kütləviləşdirilməsi üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız ödənişlərin həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmiş, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi aidiyyəti qurumlarla birlikdə nəzərdə tutulmuş tədbirlərin icrasını daim diqqət mərkəzində saxlamış, işlərin icrasını uğurla həyata keçirmişdir. Yaradılmış mövcud infrastrukturdan daha məhsuldar istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilmişdir. Yeni proqramın mahiyyəti, ondan gözlənilən nəticələr barədə oxucularımızı maraqlandıran suallarla Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədova müraciət etdik:
– Səbuhi müəllim, hazırda muxtar respublikamızda elektron ödəniş sahəsində mövcud vəziyyət necədir?
–Müasir iqtisadi şəraitdə maliyyə infrastrukturunun əsas tərkib hissəsi olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Qarşımıza qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində nağdsız ödənişlərin həcmində ilbəil artım müşahidə edilmişdir. 2016-cı ilin yanvar ayı ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyat həcmi 2 milyon 517 min manat təşkil etmişdir ki, bu göstərici 2014-cü ilin yanvar ayı ərzində aparılmış 246 min manatlıq ödəniş həcmini 10 dəfədən çox üstələmişdir. Nağdsız ödəniş həcmi 1 mart 2016-cı il tarixə artaraq 2 milyon 657 min manata çatmışdır.
Ümumilikdə, 2014-2015-ci illərdə və 2016-cı ilin ilk iki ayı ərzində muxtar respublika üzrə nağdsız ödəniş dövriyyəsi 36 milyon 561 min manat təşkil etmişdir.
2014-cü il ərzində aparılmış nağdsız əməliyyatların 8 milyon 931 min manatı quraşdırılmış POS-terminallar vasitəsilə, 3 milyon 582 min manatı isə internet və digər ödəniş sistemləri vasitəsilə həyata keçirilmişdir. 2015-ci ildə aparılmış əməliyyatların 10 milyon 821 min manatı quraşdırılmış POS-terminalların, 8 milyon 53 min manatı isə internet və digər ödəniş vasitələrinin payına düşmüşdür. Təkcə 2016-cı ilin fevral ayında əldə olunan göstərici isə 2014-2015-ci illər ərzində əldə olunan orta aylıq göstəricidən (1 milyon 307 min) 2 dəfə yüksək olmuşdur.
– Hazırda hansı sahələrdə qeyri-nağd ödənişlərin ödənilməsi mümkündür?
– Dövlət qurumları tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin həmin qurumlara birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və elektron formada həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Nəticədə, vergi və rüsumların, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarının və gömrük rüsumlarının elektron ödəniş formasında aparılması üçün lazımi infrastruktur yaradılmışdır. Eyni zamanda dövlət orqanlarının inzibati xərclərinin də (inzibati, yanacaq, nümayəndəlik və sair) korporativ kartlar vasitəsilə ödənilməsi üçün real şərait formalaşdırılmışdır. Həmçinin elektron ödəniş xidmətlərinin kütləviləşdirilməsi üçün kommunal xidmət haqlarının internet üzərindən ödəniş kartları ilə ödənilməsi imkanı yaradılmışdır. Əhalinin kommunal xidmət haqları üzrə ödənişlərinin rahat şəkildə aparılması məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Naxçıvanqaz” İstehsalat Birliyində, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində və “Naxçıvan Su-Kanalizasiya” Açıq Səhmdar Cəmiyyətində, ümumilikdə, 199 ədəd POS- terminal quraşdırılmışdır.
– Yeni proqramın icrasından hansı nəticələr gözlənilir?
– Proqramın icrası iki əsas istiqamətdə nəzərdə tutulur. İlkin istiqamətdə elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, ikinci istiqamətdə isə əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi dayanır.
Yeni proqramın icrası muxtar respublika üzrə mövcud olan münbit infrastruktur mühitinin imkanlarından daha səmərəli istifadə edilməsini, daim yenilənən ödəniş avadanlıqlarının tətbiq edilməsini, elektron ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi ilə əhaliyə göstərilən xidmətlərin rahatlığının və keyfiyyətinin yüksəldilməsini təmin edəcəkdir. Bütün bunlarla bərabər, əhalinin maarifləndirilməsinə yönəldilən tədbirlər də bu sahənin əhali tərəfindən daha tez bir zamanda qəbul edilməsinə xidmət göstərəcək. Eyni zamanda banklar və aidiyyəti dövlət qurumları tərəfindən təşviqedici layihələrin, həvəsləndirici tədbirlərin keçirilməsi də nağdsız ödənişlərin həcminin artmasına öz töhfəsini verəcəkdir.
– Bu istiqamətdə banklarımız muxtar respublika əhalisinə hansı yenilikləri təqdim edəcəklər?
– Proqramda elektron ödənişlərin muxtar respublikada həyata keçirilən digər layihələrlə uyğunlaşdırılması sahəsində də tədbirlər nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, 2015-ci ildən başlayaraq Naxçıvan şəhərində tətbiq olunmağa başlanan əvvəlcədən ödəniş prinsipli elektron sayğacların quraşdırılması ilə kommunal ödənişlərin onlayn ödənilməsi mümkün olmamışdır. Bu proqramda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi ilə bu sahədə çatışmazlıqların aradan qaldırılması da əsas sahələrdən biri olacaqdır. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ödənişlərinin “Hökumət Ödəniş Portalına” inteqrasiya edilməsi ilə istər ölkə daxilində fəaliyyət göstərən 914 bank və bank filialı şəbəkəsindən, istərsə də onlayn formada bu ödənişlərin həyata keçirilməsi mümkün olacaq. Bundan əlavə, muxtar respublikada dövlət orqanlarının əsas inzibati xərcləri ödəniş tapşırıqları vasitəsilə nağdsız həyata keçirilir. Buna baxmayaraq, ay ərzində nəzərdə tutulmayan ani xərclərin də (ezamiyyə, dəftərxana, təsərrüfat və sair) məhz nağdsız həyata keçirilməsinin təmin olunması istiqamətində korporativ kartların rolu böyük olacaq və bu da, öz növbəsində, dövriyyədə olan nağd pul kütləsinin azaldılmasına müsbət təsirini göstərəcəkdir. Həmçinin muxtar respublika ərazisində istehsal olunan mal və məhsulların, milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin internet kataloqlarının hazırlanması və onlayn şəkildə nümayiş etdirilməsi, satışlarının həyata keçirilməsinin təmin olunması istiqamətində banklar tərəfindən lazımi işlərin görülməsi də nəzərdə tutulmuşdur.
Ümumilikdə, 2016-2018-ci illəri əhatə edən bu proqram Naxçıvan Muxtar Respublikasında yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılmasında, hesablaşmalarda nağdsız ödənişlərin payının inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasında, yaradılmış infrastruktur imkanlarından bütün iqtisadi subyektlərin və geniş əhali təbəqəsinin yararlanmasında böyük rola malik olacaqdır. Bu isə, öz növbəsində, müasir elektron ödəniş alətlərindən və bank texnologiyalarından istifadənin genişləndirilməsini təmin edəcək, elektron ticarətin inkişafını sürətləndirəcək və nağdsız dövriyyənin xüsusi çəkisini artırmaqla nağd pula tələbi azaldacaqdır.
Müsahibə üçün sağ olun.
Əli Cabbarov