Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 99 nömrəli, 36 mənzilli binanın yenidən qurulmasına başlanılıb. Yenidən qurulması “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilən binada hazırda söküntü işləri gedir.
Obyektin iş icraçısı Nazim Tağıyevin bildirdiyinə görə, ilkin mərhələdə binanın qəzalı vəziyyətdə olan eyvanları və sonradan artırılan hissələri söküləcək. Sonrakı mərhələdə bina beton sütunlarla möhkəmləndiriləcək, dam örtüyü dəyişdiriləcək, bina arxaya doğru 3 metrlik məsafədə artırılacaq. Bu da bina sakinlərinin mənzil sahəsinin genişlənməsinə, daha rahat mənzillərdə yaşamalarına şərait yaradacaq. Binanın su-kanalizasiya, qaz və elektrik xətləri də tamamilə yenilənəcək. Bundan başqa, binanın zirzəmisi də dərinləşdirilərək təmir olunacaq, yararlı vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına təhvil veriləcək.
Qeyd edək ki, muxtar respublikada insanların mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunur. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının daha bir ifadəsidir.
Xəbərlər şöbəsi