Muxtar respublikada əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi və qanunvericiliyin tələblərinə ciddi riayət olunması mühüm nəticələrin əldə edilməsinə, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. 2016-cı ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi üzrə işlər mütəşəkkil davam etdirilmişdir. Bu dövrdə daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılmasına diqqət artırılmış, ümumilikdə muxtar respublika üzrə 238 torpaq sahəsi və 496 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Təsdiq olunmuş qrafik əsasında Şərur rayonunun Düdəngə, Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Qabıllı, Ordubad rayonunun Gilançay və Baş Dizə, Culfa rayonunun Yaycı və Ləkətağ, Babək rayonunun Xəlilli kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, 119 müraciətə baxılmışdır.
Komitə tərəfindən hazırlanmış 500 texniki sənədin parametrləri və digər məlumatları Milli Qeydiyyat Sisteminə daxil edilmiş, daxil olmuş müraciətlər əsasında 187-si müxtəlif növ əmlaklar üçün texniki pasport, 183-ü isə torpaq sahələri üçün plan-ölçü olmaqla, 370 texniki sənəd hazırlanmışdır. Həmçinin qeyd olunan dövrdə muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 97 daşınmaz əmlak obyektinə ünvan verilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ərazilərin xəritələrinin hazırlanması işi davam etdirilmişdir. Həmçinin tütünçülüyün inkişaf etdirilməsi məqsədilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında, o cümlədən Böyükdüz və Xok bələdiyyələrinin ərazilərində əkin dövriyyəsinə qatılması mümkün olan torpaq sahələrinə baxış keçirilmiş, dövlət ehtiyat fondu torpaqlarında 163 hektar, Böyükdüz bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahələrində 30 hektar, Xok bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahələrində isə 74 hektar olmaqla, cəmi 267 hektar torpaq sahəsi müəyyənləşdirilmişdir. Həmin ərazilər Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən plana alınmış və xəritələşdirilərək aidiyyəti orqanlara göndərilmişdir.
Komitədə mövcud informasiya sistemlərinin və Milli Qeydiyyat Sisteminin işlək vəziyyətdə saxlanılmasına mütəmadi nəzarət olunmuş, hər həftənin sonunda məlumat bazası elektron yaddaş qurğularına köçürülərək arxivləşdirilmiş, istifadəçilər təlimatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi bundan sonra da fəaliyyətini günün tələblərinə uyğun quracaqdır.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti