Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurların sadələşdirilməsi, məlumatların dəqiqliyinin təmin edilməsi, elektron xidmətlərin tətbiqi, torpaqların elektron uçotunun aparılması və elektron kadastr xəritələrinin hazırlanması məqsədilə 2015-ci ilin avqust ayından etibarən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən muxtar respublikanın rayonları üzrə həyətyanı torpaq sahələrinin dəqiqləşmə-ölçü işlərinə başlanılıb.
Bunun üçün 3 mobil qrup yaradılaraq müasir geodeziya-ölçü avadanlıqları ilə təmin olunub. 1381-i Babək rayonunun Babək qəsəbəsi, 683-ü Sirab kəndi, 836-sı Qahab kəndi, 169-u Naxışnərgiz kəndi, 181-i Xəlilli kəndi, 165-i Yuxarı Uzunoba kəndi, 191-i Aşağı Uzunoba kəndi üzrə olmaqla, ümumilikdə, 3606 həyətyanı torpaq sahəsi ölçülüb. Əldə olunan materiallar və ilkin baza məlumatları əsasında ölçülmüş həyətyanı torpaq sahələrinin kameral şəraitdə uçotu dəqiqləşdirilib, elektron kadastr xəritələrinin hazırlanmasına başlanılıb. Hazırda Şərur rayonunun Mahmudkənd və Babək rayonunun Vayxır kəndlərində həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədilə geodeziya ölçmələri davam etdirilir.
Qeyd edək ki, dəqiqləşdirmə işlərinin həyata keçirilməsi torpaq sahələrindən və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsinə əlverişli şərait yaradacaq. Daşınmaz əmlaklarla bağlı bütün məlumatlar – onların yeri, koordinatları və ölçüləri tamamilə dəqiqləşəcək və xəritəyə köçürüləcək, nəticədə, torpaq mübahisələrinin həlli və əmlakların qeydiyyatı sadələşəcək. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində dövlətin, bələdiyyələrin və torpaq mülkiyyətçilərinin əmlakına dair elektron kadastr məlumat bazası və elektron kadastr xəritələri yaradılacaq, torpaq islahatı zamanı torpaq sahələri üzərində atributların formalaşması ilə bağlı yaranmış problemlər aradan qaldırılacaqdır.
Xəbərlər şöbəsi