Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər 2016-cı ilin yanvar ayında da davam etdirilmişdir. Muxtar respublikadakı avtovağzallarda, Avtobus Parkında qış mövsümünün gedişi və marşrut xətlərinə buraxılan nəqliyyat vasitələrinin texniki sazlığı nəzarətdə saxlanılmışdır. Ötən ay sərnişindaşıma ilə məşğul olan avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə nəzarət edilmiş, axşam saatlarında şəhərdaxili marşrutların işi səmərəli təşkil olunmuşdur.
Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə ötən ay Naxçıvandan Bakıya 85 reys edilmiş, 2550 nəfər sərnişin daşınmışdır. Əks istiqamətdə daşınan sərnişinlərin sayı isə 2697 nəfər olmuşdur. Həmçinin yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, təhlükəsizlik tədbirləri izah olunmuşdur.
Şəhərdaxili və rayonlararası nəqliyyatın, xüsusilə sərhəd və ucqar dağ kəndlərinə işləyən avtobusların fəaliyyəti xüsusi nəzarətdə saxlanılmış, avtobuslara gündəlik texniki baxış keçirilərək lazımi təmir işləri görülmüşdür. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 138 marşrut xəttindəki 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına avtonəqliyyat xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti