Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, ötən dövrdə muxtar respublikada rabitə və yeni texnologiyaların davamlı inkişafı təmin edilmişdir.
Yaxın onilliklər üçün inkişaf perspektivlərinin biliklərə əsaslanan iqtisadiyyatla birbaşa bağlı olduğunu böyük uzaqgörənliklə düşünən ulu öndər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoymuşdur. Məhz Onun qəbul etdiyi 2003-cü il 17 fevral tarixli “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə Azərbaycanda bu sahədə məqsədyönlü fəaliyyət və gələcək perspektivlər müəyyən edildi.
Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni texnologiyaların inkişafını diqqətdə saxlayır. Bu sahədə qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.
Muxtar respublikada da informasiya-kommunikasiya texnologiyalarının inkişafı və əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Rabitə və informasiya sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 sentyabr tarixli Fərmanına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılmış, nazirliyin səlahiyyətləri daha da genişləndirilmişdir. Son illərdə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətlərinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Ötən dövrdə nazirliyin aparatının, mərkəzi poçtun, eləcə də İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və texniki binalar əsaslı təmir edilmiş, Babək qəsəbəsində, Şərur və Şahbuz şəhərində yenitipli rabitə evləri tikilərək istifadəyə verilmişdir.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənmişdir. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və digər xidmətlərin həyata keçirilməsinə şərait yaratmışdır. 2013-2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün sərhəd xətti boyunca ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası 48 lifli fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Bu da muxtar respublikanın həm daxili, həm də xarici əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.
Yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələnin 3-ü artıq muxtar respublikada başa çatdırılmışdır. Birinci mərhələdə, 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, ikinci mərhələdə, 2012-ci ilin martında Şərur və Sədərək rayonlarını, üçüncü mərhələdə isə 2014-cü ilin fevralında Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, telekommunikasiya şəbəkəsi üzrə sabit telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Koordinattipli ATS-lər müasir tələblərə cavab verən elektrontipli ATS-lərlə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Həmçinin “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaratmışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada bütün yaşayış məntəqələrində sabit rəqəmsal telefon xidməti göstərilir. Naxçıvan şəhərində və bütün rayon mərkəzlərində asinxron rəqəmsal istifadəçi xətləri üzərindən genişzolaqlı internet və lokal şəbəkə xidmətləri fəaliyyət göstərir. Həmçinin 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi yaşayış ərazilərini keyfiyyətli mobil rabitə ilə təmin edir. Bu gün artıq muxtar respublikada yaşayış məntəqələrinin 83 faizdən çoxunu əhatə edən simsiz rabitə şəbəkəsi istifadəyə verilmiş, “Naxtel” abunəçilərinin sayı 5 mini ötmüşdür. Həmçinin bu şəbəkə üzərindən simsiz internet xidməti yaradılmış, muxtar respublika əhalisinin sürətli internetə çıxışı təmin olunmuşdur. “Naxtel”in 90 ədəd 4G LTE 4-cü nəsil baza stansiyası qurulub istismara hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, “Naxtel”in Billing sistemi üçün əsas və ehtiyat server avadanlıqları Naxçıvana gətirilmiş və quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi yaradılmış, mərkəzin Şərur və Culfa şəhərlərində filialları fəaliyyətə başlamışdır. Ötən dövrdə mərkəzin maddi-texniki bazası möhkəmləndirilmiş, 2 ədəd veb server alınmışdır. Həmçinin IP ünvanların çatışmazlığı aradan qaldırılmış, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmış və Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikaya daxil olan internet kanalının sürəti 2 Gb/s-dək yüksəldilmişdir. Son illər muxtar respublika ərazisində fiber-optik xətlərinin çəkilməsi, kənd yaşayış məntəqələrində yeni nəsil ATS-lərin quraşdırılması internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə və internet xidmətləri, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 76 dövlət təşkilatına və 9 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. “Elektron hökumət” portalında mütəmadi olaraq müraciət edən dövlət orqanlarının saytlarında elektron müraciət səhifələri dəyişdirilmiş, müraciətlərin və cavablandırılan məktubların elektron arxiv sistemi yaradılmışdır.
Texnologiyanın sürətli inkişafı elektron imzadan istifadəyə də tələbatı artırmışdır. Bu tələbatı ödəmək məqsədilə mərkəzi poçt şöbəsində elektron imzaların verilməsi təşkil edilmişdir. Bunun üçün Naxçıvan şəhərində server, kompüterlər, kart və pin kodların çapı üçün printerlər qoyulmuş, əməliyyat zalında ərizələrin qəbulu üçün bölmə yaradılmışdır.
Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulmuşdur. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanmışdır. Dünya təhsil sisteminə inteqrasiya və bu sahədə yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılaraq texniki avadanlıqlarla təmin edilmiş, müəllim və tələbələrin istifadəsinə verilən kompüterlər daxili şəbəkəyə qoşulmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq və “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.
Yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi muxtar respublika ərazisində keyfiyyətli və rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. Ötən dövrdə quraşdırılan 6 güclü və 43 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində teleradioların rəqəmsal yayımı təmin edilmişdir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda efirə çıxışı təmin edilmişdir.
Muxtar respublikada əhaliyə müasir tələblərə uyğun poçt xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 30 iyul tarixli “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmiş, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Hazırda muxtar respublika ərazisində 8 poçt filialı və 157 poçt bölməsi fəaliyyət göstərir. Poçt filiallarında telefon haqlarının yığılması, beynəlxalq və ölkədaxili pul baratlarının göndərilməsi və qəbulu, kommunal xidmət haqlarının yığılması, teleqramların göndərilməsi və qəbulu tamamilə elektron qaydada həyata keçirilir. Həmçinin internet üzərindən rabitə və kommunal xidmət haqlarının ödənilməsi təşkil edilmişdir. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə poçt filiallarında və bölmələrində 139 ədəd POS-terminal quraşdırılmışdır. Bundan başqa, “Naxçıvanpoçt”un kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır ki, bu da bu sistemə qoşulmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına imkan yaratmışdır. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının daha təkmil olan SMART sayğaclarla dəyişdirilməsinə başlanmışdır. Poçt bölmələrində həmin kartların yüklənməsi işi təşkil olunmuşdur. Bunun üçün Naxçıvan şəhərində 10 poçt bölməsi yeni kompüter, kart oxuyucu ilə təmin edilmişdir.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli poçt-rabitə xidmətləri göstəriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti