Muxtar respublikanın hava nəqliyyatında uçuşların təhlükəsizliyi təmin olunur, sərnişin və yükdaşımalarının səviyyəsi ilbəil yüksəldilir. Son illər aerovağzal kompleksinin yenidən qurulması, infrastrukturun yenilənməsi xidmətin müasir tələblər səviyyəsində qurulmasına imkan verir. 2016-cı ilin fevral ayında da Naxçıvan Beynəlxalq Hava Limanının fasiləsiz fəaliyyəti təmin edilmişdir.
Uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə beynəlxalq hava limanında bütün zəruri tədbirlər yerinə yetirilmiş, hava gəmilərinin və texniki avadanlıqların sazlığı müntəzəm olaraq diqqət mərkəzində saxlanılmış, aerodromda, eləcə də uçuş-enmə zolağının ətrafındakı nəzarət qüllələrində, bokslarda, aerovağzal, VİP və digər inzibati binalarda təmir işləri aparılmışdır. İstifadə olunan bütün növ maşın və texnikalara, yanğınsöndürən avtomobillərə texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmış, yararsız yanğınsöndürmə balonları yeniləri ilə əvəz olunmuşdur. Texnoloji avadanlıqların istismarı və təmiri sahəsi üzrə işlər qrafikə uyğun davam etmiş, cihazların davamlı və normal işinin təşkili üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Bu dövrdə istismara yararsız X-Ray avadanlığı yenisi ilə əvəz olunmuş, hava gəmilərinin yedəklənməsi üçün qurğu alınmışdır.
İşçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə də mütəmadi tədbirlər görülür. Ötən ay Aviasiya təhlükəsizlik xidməti əməkdaşları üçün Milli Aviasiya Akademiyasından dəvət olunmuş müəllim tərəfindən “Təhlükəsizlik yüklərinin hava nəqliyyatı ilə daşınması” ilə bağlı kurs keçirilmişdir. Həmçinin teleskopik trapın idarə olunmasında iştirakı nəzərdə tutulan 8 nəfər Milli Aviasiya Akademiyasında keçirilən nəzəri-praktik kursa cəlb olunmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, fevral ayında da hava limanında əhaliyə keyfiyyətli xidmət göstərilmiş, yerli hava xətti ilə 13 min 645 sərnişin, 227 min 429 kiloqram baqaj, 49 min 813 kiloqram yük və 4 min 571 kiloqram poçt, beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqamətində 116 sərnişin, 2 min 338 kiloqram baqaj, Naxçıvan-İstanbul istiqamətində isə 434 sərnişin və 4 min 678 kiloqram baqaj daşınmışdır.
Naxçıvan Beynəlxalq
Hava Limanı