Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan və icrası uğurla başa çatdırılan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” Naxçıvan şəhərində bir çox istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib.
Proqramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Həyata keçirilən tədbirlər sırasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Xüsusilə yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulması sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Bu sahədə görülən işlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi aparılır. Tikinti işlərinə 2015-ci ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən ötən müddətdə burada xeyli iş görülüb. Belə ki, binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Yaxın günlərdə daxili qapıların salınmasına, döşəmələrin vurulmasına başlanılacaq. Eyni zamanda yaşayış binasının fasadında birinci mərtəbəyədək olan hissənin üzlük daşla üzlənməsi işləri davam etdirilir.
Qeyd edək ki, yaşayış binasında, ümumilikdə, 32 mənzil yerləşir ki, bunlardan 8-i üçotaqlı, 24-ü isə ikiotaqlıdır.
Obyektin tikintisi zamanı yerli inşaat materiallarına üstünlük verilməklə yanaşı, təhlükəsizlik tədbirlərinin də nəzarətdə saxlanılması təmin olunub.
Xəbərlər şöbəsi