23 Dekabr 2024, Bazar ertəsi

Ərzaq məhsulları istehsalı kənd təsərrüfatının qarşısında duran əsas vəzifədir. Muxtar respublikamızda kənd təsərrüfatının dayanıqlı inkişafı, onun çoxşaxəliliyinin təmin olunması istiqamətində aparılan tədbirlər müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalına əlverişli şərait yaratmışdır.
Kənd təsərrüfatı qayğıya həssas bir sahədir. Belə ki, ərzaq təhlükəsizliyi kimi mühüm məsələnin həllində torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarların yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın, mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cinslərin yetişdirilməsi, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, kənd təsərrüfatı risklərə qarşı da həssas olub digər sahələrə nisbətən təbii amillərdən daha çox asılıdır. İstər bitkiçilik, istərsə də heyvandarlıq məhsullarının istehsalında, habelə hazır məhsulun daşınması və anbarlanması zamanı yaranan qəfil, gözlənilməz hadisələr – yanğın, dolu, sel, daşqın, fırtına, şaxta və ildırım vurması, partlayış, elektrik cərəyanının təsiri, gün, yaxud istivurma, zəlzələ, uçqun, sudaboğulma, ilanların, yaxud digər zəhərli həşəratların sancması, dərəyədüşmə və başqa zədələnmələr kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları və fermerləri çətin vəziyyətə sala bilər. Bu da, öz növbəsində, kənd təsərrüfatı sığortasını aktual edir.

Müasir dövrdə etibarlı sığorta sistemi kənd təsərrüfatının inkişafının mühüm şərtlərindəndir. Həyata keçirilən müxtəlif sığorta növləri ilə bərabər, kənd təsərrüfatının da sığorta olunması baş verə biləcək müxtəlif qəfil hadisələr nəticəsində bu sahədə dəymiş zərərlərin əvəzinin ödənilməsinə təminat verir. Martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə Ali Məclisin Sədri tərəfindən muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilmişdir. Qarşıya qoyulan vəzifə kənd təsərrüfatı sahəsində uğurlu nəticə əldə olunması üçün görülən kompleks tədbirlərin mühüm bir hissəsi kimi həmişə aktualdır.
Sığorta hadisələri hesab olunan təbii fəlakətlər və yaxud digər hadisələr kənd təsərrüfatına zərər vurur. Məsələn, yağan şiddətli dolu və ya qəfil fırtına ərazidəki bir neçə evə, yaxud digər tikililərə zərər vurduğu kimi, bundan yüz hektarlarla əkinlər, çox sayda meyvə ağacları və ya istixanalar da zərər görər, kənd təsərrüfatı məhsulları məhv olar, kənd təsərrüfatı təyinatlı bina, maşın və avadanlıqlar yararsız hala düşə bilər. Belə hadisələrdən zərər görən kənd təsərrüfatı sahələrinin yenidən bərpa olunması isə nisbətən uzun bir müddət tələb edir. Güclü küləyin dağıtdığı evin dam örtüyü qısa bir müddətdə bərpa olunsa da, taxıl zəmisini, yaxud illərlə ərsəyə gələn meyvə ağaclarını dərhal yerinə qaytarmaq mümkün deyildir. Ona görə də burada dəymiş zərərə görə verilən sığorta ödənişləri kənd təsərrüfatı ilə məşğul olanlar üçün çox vacibdir.
Hazırda mövcud qanunlara görə, kənd təsərrüfatında əkinlər və kənd təsərrüfatı heyvanları təbii fəlakətlərlə yanaşı, xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, habelə üçüncü şəxsin qəsdən hərəkətlərindən də sığortalanır. Bu sığorta növündə kənd təsərrüfatı təyinatlı bina, tikili, qurğu və avadanlıqlar, habelə fermerlərə lizinq yolu ilə verilmiş kənd təsərrüfatı texnikası olan maşın və mexanizmlər, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanırlar. Həmçinin aqrolizinq yolu ilə muxtar respublikamıza gətirilmiş və sahibkarlara verilmiş cins malların da dövlət sığorta orqanları tərəfindən sığortası aparılır. Bunlardan əlavə, sığorta olunan digər kənd təsərrüfatı obyektləri kənd təsərrüfatı bitkilərinin məhsulları, iribuynuzlu və xırdabuynuzlu kənd təsərrüfatı heyvanları, quşçuluq təsərrüfatları, arı ailələri hesab olunurlar. Kənd təsərrüfatında sığortanın belə geniş məzmunda təşkilinin məqsədi istehsalçıların mənafelərinin qorunması, onların fəaliyyətinin stimullaşdırılmasıdır.
Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının mühüm əhəmiyyəti vardır. Belə ki, mövcud qanunlara əsasən, ölkəmizdə buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, göyərti istisna olunmaqla, tərəvəz sahələrinin məhsulları yanğın, dolu, sel, daşqın, şaxta kimi hadisələrdən sığortalanan zaman bağlanılan sığorta müqavilələrində hesablanmış sığorta haqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Kənd təsərrüfatında məhsulun və əmlakın sığortası hazırda könüllü formada həyata keçirilir. Burada sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Digər sığorta növlərində olduğu kimi, burada da sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyənləşdirilir. Ayrıca olaraq ölkəmizdə bu sahədə mövcud olan qaydalara istinad edərək kənd təsərrüfatı işləri ilə məşğul olan istər sahibkar fermerlərin, istərsə də sadə torpaq mülkiyyətçilərinin hazır məhsulunun və mülkiyyətinin sığortalanması zamanı sığortahaqqı və sığorta ödənişlərinin müddəti və həcmi, habelə sığorta müqavilələrinin bağlanılma qaydaları və sığortaçı ilə sığortalının hüquq və vəzifələri haqda dəqiq məlumatlar əldə etmək olar. Məsələn, əmlakını ardıcıl olaraq üç və daha artıq illər ərzində tam dəyərində sığorta etdirmiş, lakin sığorta ödənişi almamış sığortalılara hesablanmış sığortahaqqından 3 il müddətinə 10 faiz, 4 il müddətinə 20 faiz, 5 il və daha artıq müddətə 30 faiz güzəştlər verilir.
Göründüyü kimi, kənd təsərrüfatı sığortası geniş imkanlar vəd edən bir sahədir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında bu məsələyə ciddi diqqət ayrılır. Bu həm də fermerlərin əmək fəaliyyətinin daha rahat olması üçün çox vacibdir. Fermerlərin əmlakı, məhsulu və aldıqları kreditlərin sığortalanması onların biznesinin uğuruna təminat verir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR