23 Dekabr 2024, Bazar ertəsi

Ərzaq təhlükəsizliyinin təminatında taxılçılığın inkişafı mühüm əhəmiyyət daşıyır. Taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıq üçün qüvvəli və qaba yem tədarükündə mühüm rol oynayır. Ona görə də ölkəmizdə taxıl istehsalının həcminin artırılması qarşıya mühüm məsələ kimi qoyulmuş, bu sahənin inkişafını təmin edən fərman və sərəncamlar imzalanmış, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə subsidiyaların ödənilməsinə başlanılmışdır.
Strateji ərzaq məhsulu olan taxıla tələbatın Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına ödənilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası taxılçılıq sahəsində də məhsul istehsalının artmasına səbəb olmuşdur. Ötən dövrdə muxtar respublikada məhsuldarlığın intensiv amillər hesabına artırılmasına xidmət edən tədbirlər həyata keçirilmişdir. “Araz” Elm-İstehsalat Birliyi tərəfindən muxtar respublikanın iqlim şəraitinə uyğun taxıl sortlarının müəyyənləşdirilməsi, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərinin aparılması, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi bol məhsul istehsalına imkan verir.

Taxıl əkininin səmərəli aparılması və yüksək məhsuldarlığın əldə edilməsində meliorasiya-irriqasiya işlərinin mühüm rolu vardır. Buna görə də əkin sahələrində ardıcıl meliorativ tədbirlər görülür, şoranlaşmanın qarşısı alınır, rentabelli suvarma şəbəkələri qurulur. Son illər istifadəyə verilən yeni nasos stansiyaları və suvarma şəbəkələri hesabına torpaqların suvarma təminatı xeyli yaxşılaşmış, əkin sahələri genişləndirilmişdir. Ötən dövrdə “Azərbaycan” nasos stansiyasından Böyükdüz kəndinin ərazisini əhatə edən boru xətti çəkilmiş, Sədərək rayonunda nasos stansiyasının tikintisi, eləcə də Babək rayonunun Uzunoba Su Anbarının yenidən qurulması işləri başa çatdırılmışdır. Uzunoba Su Anbarından uzunluğu 40 kilometr olan boru xəttinin çəkilməsi hesabına Kəngərli rayonunda 4 min hektar, həmçinin Sədərək rayonunda tikilmiş nasos stansiyası hesabına 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Həmçinin Babək və Culfa rayonlarının 2 min hektar torpaq sahəsini əhatə edən Vayxır sol sahil qapalı suvarma və drenaj şəbəkəsi tikilib istifadəyə verilmişdir.
Muxtar respublikada yeni emal müəssisələrinin, dəyirmanların işə salınması, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi bu sahəyə olan marağı daha da artırmışdır. Hazırda muxtar respublikada tutumu 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli taxıl anbarları, 17 taxıl emalı müəssisəsi fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hər il muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılır. Xüsusilə müasir kombaynlardan istifadə olunması məhsul tədarükünün mütəşəkkil qaydada təşkilinə imkan verir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2015-ci ilin payızında cari ilin məhsulu üçün 26 min 792 hektar sahədə buğda, 3 min 506 hektar sahədə arpa olmaqla, ümumilikdə, 30 min 298 hektar sahədə taxıl əkini aparılmışdır. 2016-cı ilin fevral ayında əkilmiş 30 min 298 hektar taxıl sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə dövlət büdcəsindən 1 milyon 514 min 900 manat subsidiya ödənilmişdir. Torpaq mülkiyyətçilərinə əkdikləri taxıl sahələrinə görə dövlət vəsaiti hesabına azot gübrəsinin verilməsi isə başa çatdırılmışdır. Hazırda sahələrdə gübrə səpini aparılır.
Dövlətin taxıl istehsalçılarına dəstəyi onları daha çox məhsul istehsal etməyə ruhlandırır. Bütün bunların müqabilində isə bol məhsul istehsal olunur, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR