23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri özəl sektorun inkişafı hesabına yerli istehsalın artırılmasıdır.
Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, regionun müxtəlif yerlərində 116 min 392 kvadratmetr sahədə 20 istixana təsərrüfatı fəaliyyət göstərir. Bunların 101 min 476 kvadratmetri dövlət maliyyə dəstəyi hesabına, 12 min 416 kvadratmetri şəxsi vəsaitlər hesabına yaradılan müasir istixana kompleksləridir. Bu təsərrüfatlarda 2015-2016-cı mövsüm ilində pomidor, xiyar, badımcan, bibər, limon, çiyələk, göbələk, göyərti, gül kələm, kahı, brokoli və şitil əkini həyata keçirilib.

2015-2016-cı mövsüm ilində istixana komplekslərində yetişdirilən 1733,1 ton məhsul satışa çıxarılıb. Bunun 1048,9 tonunu pomidor, 653,4 tonunu xiyar, 5,7 tonunu göbələk, 16,2 tonunu badımcan, 7,4 tonunu bibər, 1,5 tonunu göyərti təşkil edib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 2000-2015-ci illər ərzində sahəsi 101 min 476 kvadratmetr olan istixanaların qurulmasına 4 milyon 540 min 500 manat güzəştli kredit verilib. Təkcə 2015-ci il ərzində sahəsi 8 min 906 kvadratmetr olan 7 istixananın yaradılması başa çatdırılıb.
Bu istiqamətdə işlər cari ildə də davam etdirilir. Belə ki, 2016-cı ilin ötən dövrü ərzində Babək rayonunun Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması başa çatdırılıb. Şərur rayonunun Qarxun kəndində fiziki şəxs Mənsur Abdinov tərəfindən 1800 kvadratmetr ərazidə istixana təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR