Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları tərəfindən fevral ayında 3,5 kilometr məsafədə yeni suvarma xətti çəkilmiş, 2,36 kilometr təzyiqli boru xətti, 450 metr suvarma, 1,3 kilometr açıq və 170 metr qapalı drenaj xətləri təmir edilmiş, 35 kilometr kanal və 59 kilometr ara arxları lildən təmizlənmişdir. Həmçinin 16 nasos stansiyasında təmir işləri başa çatdırılmış, bütün nasos stansiyaları suvarma mövsümünə hazır vəziyyətə gətirilmişdir. Ötən ay Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq qapalı suvarma şəbəkəsinin tikintisi işləri də davam etdirilmiş, 1464 metr məsafədə boru xətti şəbəkəyə qoşulmuşdur. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün isə Arpaçay sol sahil kanalından 640 metr boru xətti çəkilmişdir. Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 3,2 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayında 1,4 kilometr sahilbərkitmə işi görülmüşdür.
Subartezian quyularının və kəhrizlərin istismara yararlılığı daim diqqət mərkəzində saxlanılır. Ötən ay Şərur rayonunun Püsyan kəndində 1 subartezian quyusu bərpa olunmuş, Yengicə kəndində yeni subartezian quyusu qazılmışdır. Ümumiyyətlə, bəhs olunan dövrdə 45 subartezian quyusunda və 5 kəhrizdə təmir işləri davam etdirilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, yeni kanalizasiya sistemləri qurulur. Naxçıvan şəhərinin Tumbul kəndində 3945 metr içməli su və 2558 metr kanalizasiya, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində 4457 metr, Babək rayonunun Şıxmahmud kəndində isə 3455 metr kanalizasiya xətti çəkilmişdir. Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi aparılır. Hazırda Culfa şəhərində mənzillərdə sayğacların qurulması işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti