23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin    2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olunub. Muxtar respublikamızın sosial-iqtisadi inkişafına mühüm təsiri olan bu dövlət sənədində aqrar sahənin də inkişaf etdirilməsi üçün ciddi vəzifələr qarşıya qoyulub. 

Dövlət proqramının icrasından keçən müddət ərzində aqrar sahədə görülmüş işlərlə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, muxtar respublikada əhalinin ilboyu keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin olunması məqsədilə son iki il ərzində ümumi tutumu 1903 ton olan 5 müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanılması üçün anbar istifadəyə verilib. Həmçinin daxili bazarın mövsümi tərəvəz məhsulları ilə təminatının yaxşılaşdırılması üçün istixana komplekslərinin genişləndirilməsi məqsədilə 12 istixana təsərrüfatının yaradılmasına 923 min 700 manat, 16 heyvandarlıq təsərrüfatının yaradılmasına 30 milyon 376 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Aqrar sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi olub. Bu məqsədlə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası və ümumi tutumu 30 min ton olan “Bərəkət” toxumçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilib. Muxtar respublikamızın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub. Məlumatda o da bildirilir ki, hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərməkdədir.
Əkinçilikdən yaxşı nəticələr əldə olunması üçün məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsi zəruridir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarının balansına kifayət qədər kənd təsərrüfatı texnikaları verilib və həmin texnikaların saxlanması və təmiri üçün çardaqlar və emalatxanalar tikilib. Təkcə 2014-2015-ci illərdə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən 447 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikamıza gətirilib. Həmçinin məhsul istehsalçıları 9 min 892 ton mineral gübrə ilə təmin olunub.
Görülmüş işlərin təhlili onu deməyə əsas verir ki, dövlət proqramının uğurlu icrası gələcəkdə muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün etibarlı zəmin yaradacaq.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR