Elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin elektron formada qəbulunun pilot layihəsinin həyata keçirilməsinə başlanılıb.
Yeni elektron bəyanetmə sistemi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarətin daha da stimullaşdırılmasına xidmət edir.
Bu sistemin tətbiqi gömrük rəsmiləşdirilməsinə dair bütün prosedurların bir gömrük əməkdaşı tərəfindən yerinə yetirilməsinə imkan verir. Bu isə gömrük rəsmiləşdirilməsi prosesini tamamilə sadələşdirməklə vaxt itkisini minimuma endirmiş olur. Yeni elektron bəyanetmə sistemi pilot layihə çərçivəsində ilkin olaraq gömrük təmsilçiliyi institutu çərçivəsində həyata keçirilir. Bunda əsas məqsəd bəyanetmə prosedurlarında səhvə yol verilməsinin və digər qanunvericilik aktlarının tələblərinin pozulmasının qarşısının alınmasından və bu istiqamətdə sahibkarlara dəstək verilməsindən ibarətdir.
Bu məqsədlə muxtar respublikamızda “Naxçıvanterminalkompleks” Birliyinin nəzdində fəaliyyət göstərən gömrük təmsilçilərinə elektron imzalar alınıb, onların bu sahədəki fəaliyyəti təmin olunub.
Türkiyə təcrübəsi olan yeni elektron bəyanetmə sistemi gömrük orqanları tərəfindən risk amilinin düzgün müəyyən olunması baxımından da mühüm baza rolunu oynayacaqdır.
Qeyd edək ki, elektron bəyanetmə sistemi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet portalı üzərindən (www.dgk.nmr.az) həyata keçirilir. Gələcəkdə bəyanetmə prosesinin birbaşa xarici iqtisadi fəaliyyət iştirakçılarının özləri tərəfindən yerinə yetirilməsi üçün də işlər görülür.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti