23 Dekabr 2024, Bazar ertəsi

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş müvafiq dəyişikliklərə əsasən, cari ildən ölkəmizdə Yaşıl Kart sistemi tətbiq olunur. Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortalanması sahəsində yenilikdir. Belə ki, dövlət qeydiyyatında olan bütün nəqliyyat vasitələri müvəqqəti olaraq xarici ölkə ərazisinə aparılarkən onun sahibinin mülki məsuliyyəti Yaşıl Kart sistemi üzrə sığortalanır.
Azərbaycana məxsus avtonəqliyyat vasitələrinin bu sığorta növü ilə sığorta­lanması sistemin qüvvədə olduğu xarici ölkələrdə əlavə sığortahaqqının ödə­nilməməsinə zəmanət verir. Başqa sözlə, Azərbaycan Yaşıl Kartı beynəlxalq icbari sığorta müqaviləsi hesab olunur.
Yeni sistemin tətbiqi öz avtomobili ilə xaricə gedənlərin, o cümlədən ölkəmizə gələn xarici dövlətlərin avtonəqliyyat vasitəsi sahiblərinin işini xeyli sadələşdirməklə yanaşı, sərhəd-keçid məntəqələrində əlavə vaxt itkisinin də qarşısını almış olur. İndi xarici avtonəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olarkən sürücü tərəfindən Yaşıl Kart təqdim olunduqda, sərhəd sığorta müqaviləsi bağlanmadan buraxılış həyata keçirilir.

Qeyd edək ki, Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Hal-hazırda sistemə üzv olan ölkələrin sayı 48-dir. Azərbaycana qonşu ölkələr, o cümlədən bütün Avropa ölkələri də bu sistemin üzvüdür.
Yuxarıda da qeyd olunduğu kimi, sistemin əsas məqsədi mülki məsuliyyəti sığortalanmış avtonəqliyyat vasitəsi sahiblərinin səyahət etdikləri üzv ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurulan zərərin əvəzinin ödənilməsini təmin etməkdən ibarətdir. Nəticə etibarilə, Yaşıl Kart əldə edən avtonəqliyyat vasitəsi sahibi üzv ölkələrdə sığorta tələbindən azad edilməklə səfər çərçivəsində mülki məsuliyyətini tam sığortalamış olur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə əldə olunmuş razılaşmaya əsasən, indi muxtar respublikanın sərhəd-keçid məntəqələrində Yaşıl Kartın rəsmiləşdirilməsi gömrük əməkdaşları tərəfindən onlayn şəkildə həyata keçirilir. Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası, Türkiyə Respublikası və digər üzv ölkə­lərə gedən və Azərbaycan Yaşıl Kartı olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığorta müqaviləsinin qüvvədə olduğu müddət çərçivəsində təkrar sığortalanmaya cəlb olunmur. Yəni Azərbaycan Yaşıl Kartı bu sistemə üzv olan bütün ölkələrdə “yaşıl işıq”dır. Qeyd edək ki, Yaşıl Kart şəxsin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi əsasında verilir. Bir, üç, altı və on iki ay müddətinə bağlanılan müqavilələr əsasında əldə olunan Azərbaycan Yaşıl Kartı mülki məsuliyyətin sığortalanmasına dair xarici ölkələrdə bağlanılan sərhəd sığorta müqavilələrindən sərfəlidir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR