Son illər Naxçıvan şəhərində müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir. Bütün bu tədbirlər əməkdaşların yaxşı şəraitdə işləməsinə hesablanıb.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olacaq. Burada inşaat işlərinə ötən ilin aprel ayında başlanılıb. Hazırda binanın birinci mərtəbəsində arakəsmələrin hörgüsü işləri aparılır, üçüncü mərtəbədə qəlibqurma işləri gedir.
Məlumat üçün bildirək ki, sözügedən komitə üçün inşa edilən yeni binada hər cür şəraitə malik iş otaqları, qurumun əhatə etdiyi sahələrə aid fondlar, mətbəə, arxiv, server otağı, 10 min ədəd kitab üçün nəzərdə tutulmuş elmi kitabxana, laboratoriya, 108 yerlik iclas zalı yaradılacaq, binanı qış aylarında fasiləsiz istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılacaq.
Səbuhi Hüseynov