Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 2016-cı il tarixli “Naxçıvan Muxtar Respublikasında Apellyasiya şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılmışdır. Martın 9-da şuranın ilk iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov iclası giriş sözü ilə açaraq bildirmişdir ki, Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı nazirliyin aparatının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Nazir qeyd etmişdir ki, iqtisadiyyat nazirinin müavininin rəhbərlik etdiyi Apellyasiya Şurasının üzvlüyünə İqtisadi təhlil və proqnozlaşdırma, Sahibkarlığın inkişafı, İnvestisiyaların təşviqi və ixraca dəstək şöbələri və Hüquq sektoru daxil edilmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, Apellyasiya Şurasının sədri Anar Əhmədov Apellyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclasların keçirilməsi qaydası və digər məsələlər barədə ətraflı çıxış etmişdir.
Qeyd olunmuşdur ki, sahibkarlar sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərini nazirliyin Apellyasiya Şurasına göndərə bilərlər. Şikayətlər dərhal qeydiyyata alınır və araşdırılması üçün nazirliyin Apellyasiya Şurasına təqdim olunur, qanunvericiliyə uyğun olaraq baxılır və nəticəsi barədə sahibkara məlumat verilir. Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədilə yaradılmış Apellyasiya Şurası müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olmasına xidmət edir.
İclasda şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər, şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri müzakirə olunmuş, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apellyasiya Şurasında baxılacaq şikayətlərin məzmun üzrə təsnifləşdirilməsi meyarlarının müəyyən olunması qərara alınmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti