23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən xarici ticarət münasibətlərinə öz müsbət təsirini göstərib. Belə ki, biznes mühiti və mövcud standartlar daha da müasirləşdirilib, xarici ölkələrlə əməkdaşlıq inkişaf etdirilib. Aparılan uğurlu siyasət nəticəsində məhsul çeşidində və ixracda davamlı olaraq artım müşahidə olunur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən bildiriblər ki, istehsal olunan məhsulların tanıdılması, sərgi-satışının təşkil edilməsi və sahibkarların beynəlxalq təcrübəni mənimsəmələri məqsədilə 2015-ci ildə 21 biznes-forum, sərgi və işgüzar görüşdə muxtar respublikada fəaliyyət göstərən 68 sahibkarlıq subyektinin iştirakı təmin olunub və Naxçıvanda istehsal olunan 12 növdə, 57 çeşiddə məhsul nümayiş etdirilib. 2001-ci ildən ötən dövr ərzində 50 ölkədə 239 tədbir keçirilib.
Görülən işlər nəticəsində muxtar respublikamızın 56 xarici ölkə ilə ticarət əlaqələri qurulub, ötən il 512 milyon 354,5 min ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. Bu ticarət əməliyyatları nəticəsində 414 milyon 420,6 min ABŞ dolları dəyərində mal ixrac edilib, 97 milyon 933,9 min ABŞ dolları dəyərində mal idxal olunub. İdxal-ixrac əməliyyatları üzrə müsbət saldo 316 milyon 486,7 min ABŞ dolları təşkil edib. 2015-ci ildə əvvəlki illə müqayisədə ixrac əməliyyatlarının həcmi 1,4 faiz artıb, idxal əməliyyatlarının həcmi isə 10 faiz azalıb.

Ötən müddət ərzində muxtar respublikada fəaliyyət göstərən sənətkarlar tərəfindən hazırlanmış əl işləri və sənət əsərlərinin sərgi və satışı təşkil edilib, bu istiqamətdə müəssisələrin nəzdində fəaliyyət göstərən dekorativ-tətbiqi sənət, xalçaçılıq, taxta üzərində oyma, şüşə üzərində qravüra və digər sahələr üzrə emalatxanalar yaradılıb.
Ötən il muxtar respublikadan 2 sənətkarın iştirak etdiyi İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Dördüncü Beynəlxalq Əl İşləri Sərgisində 25 adda əl işi nümayiş etdirilib.
Turistlərin ən çox cəlb edildiyi “Duzdağ”, “Təbriz”, “Qrand” və “Avtovağzal” otellərində əl işlərinin sərgi və satışı təşkil edilib, Əshabi-Kəhf ziyarətgahında, Duzdağ Fizioterapiya Mərkəzində yerli istehsal məhsullarından və əl işlərindən ibarət satış mağazaları fəaliyyət göstərməkdədir.
Nazirlikdən o da bildirilib ki, muxtar respublikada istehsal olunan məhsulların və əl işlərinin respublikada və xarici ölkələrdə tanıdılması, reklam və satış həcminin artırılması üçün onların elektron kataloqlarının hazırlanması zərurəti yaranıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir.
Bu məqsədlə muxtar respublikada istehsal olunan ixrac baxımından perspektivli hesab edilən məhsulların elektron kataloqu hazırlanır. Kataloq Azərbaycan və ingilis dillərində olacaqdır. Kataloqda məhsulların fotoşəkilləri, istehsalçılar haqqında məlumatlar yerləşdiriləcəkdir. Elektron kataloqun “Naxçıvan Məhsulları” MMC-nin www.pronak.az saytında yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin www.agronax.az saytında mağaza bölməsi və kataloq bölməsi təsis olunacaqdır ki, istifadəçilər burdan məhsullarla tanış olma imkanı əldə edəcəklər.
Muxtar respublikamızda fəaliyyət göstərən sənətkarların əl işləri və sənət əsərlərinin elektron kataloqunun hazırlanması istiqamətində də tədbirlər görülməkdədir. Xalçatoxuma üzrə 35, ağac üzərində oyma sənəti üzrə 50, dekorativ-tətbiqi sənəti üzrə 60, papaqçılıq sahəsi üzrə 20, mis üzərində döymə sənəti üzrə 30, rəssamlıq üzrə 285 olmaqla, ümumilikdə, 480 ədəd əl işi və sənət əsərinin fotoşəkilləri çəkilib. Həmin fotoların kataloq halına salınması üzrə işlər aparılır. Bu işlər tamamlandıqdan sonra müvafiq saytlarda yerləşdirilməsi həyata keçiriləcəkdir.
Qeyd olunan əl işi və sənət əsərləri haqqında kataloqun məlumat bölməsində işin ölçüsü, hazırlandığı materialı, müəllifi, sənətkarın fəaliyyət göstərdiyi yer və qiyməti göstəriləcəkdir.
Gələcəkdə əl işi və sənət əsərlərinin onlayn satış imkanlarının yaradılması da nəzərdə tutulur. Bu da yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sosial şəbəkələrdə reklam və təbliğat imkanlarını artıracaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR