Muxtar respublikamızda daxili bazarın qorunmasına, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvanın sosial-iqtisadi inkişafına, o cümlədən qida təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Fevral ayının 10-da sahibkarlarla keçirilən işgüzar görüşdə Ali Məclisin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısının alınması ilə bağlı verilmiş tapşırıqlar bu istiqamətlər üzrə gömrük orqanlarının məsuliyyətini daha da artırır.
Gömrük orqanları tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət olunarkən mallara dair sertifikatların mövcudluğuna, onların daşınma şəraitinə, əmtəə görünüşünə, qablaşdırılmasına, meyvə-tərəvəz məhsullarının tərkibində nitritlərin miqdarına xüsusi diqqət yetirilir. Təkcə ötən il üzərində istehlak müddəti olmadığından və ya bitdiyindən, tərkibində nitratların həcmi normadan artıq olduğundan, keyfiyyəti standartlara cavab vermədiyindən ümumi çəkisi 112 tondan artıq malın geri qaytarılması bu sahədə görülən işlərin əyani göstəricisidir.
İdxal məhsullarının tərkibi və keyfiyyət göstəriciləri Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyasında yoxlanılır. Ötən ilin yanvar ayından rəsmi status alan laboratoriya, əsasən, ərzaq məhsullarının təyini üzrə ixtisaslaşmışdır. İdxal olunan ərzaq məhsulları sərhəd-buraxılış məntəqələrindən keçirildiyi zaman onlardan götürülmüş prob və nümunələrin təyini ölkə ərazisində qüvvədə olan standartlara, nümunənin texniki şərtnaməsinə, sanitariya-epidemioloji qaydalara və normativlərə əsasən müəyyən edilir. Nümunələrin göndərilməsi, qəbulu və nəticələr barədə məlumatlar onlayn şəkildə həyata keçirilir.
Analizlər spektrometriya, xromatoqrafiya, atom-adsorbsiya və fiziki-kimyəvi metodlarla aparılır. Sınaq laboratoriyasında quraşdırılmış cihazlar dünyanın bu sahədəki ən nüfuzlu firmalarına məxsusdur. Analizi aparılan ərzaq məhsullarına misal olaraq alkoqollu və alkoqolsuz içkiləri, ət və ət məhsullarını, dənli bitki və taxıl məhsullarını, süd və süd məhsullarını, konservləri, kənd təsərrüfatı məhsullarını, quru meyvələri, bitki və heyvan mənşəli yağları, dəniz məhsullarını, un və un məmulatlarını, qənnadıları, uşaq qidalarını göstərmək olar. Laboratoriyada yaradılmış şərait, əldə olunan təcrübə bütün növ ərzaq məhsullarının müxtəlif göstəricilər üzrə keyfiyyətinin müəyyənləşdirilməsinə imkan verir. Təkcə ötən il 5486 ton maldan 1042 adda götürülən nümunələrin analizləri aparılmış, 2454 kiloqram malın ekspertiza nəticələri normalara uyğun olmadığından muxtar respublikaya buraxılmamışdır.
Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən nəinki ölkəyə idxal olunan ərzaq məhsullarının, həmçinin sifariş əsasında yerli istehsal məhsullarının keyfiyyət göstəriciləri də yoxlanılır.
Artıq bu ilin yanvar ayından etibarən laboratoriyada geni dəyişdirilmiş məhsulların analizi aparılır. Qeyd edək ki, geni modifikasiya olunmuş məhsullara qarşı mübarizə bu gün qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. Qısaca GMO olaraq bilinən gen mühəndisliyinə ərzaq terrorizmi də deyilir. GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir.
Dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Artıq bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər yaratdığından geni modifikasiya olunmuş məhsullara qarşı ciddi mübarizə aparır.
Ölkəmizdə geni modifikasiya edilmiş məhsulların idxalı qanunla qadağan olunur. Naxçıvan Gömrük Ekspertizası İdarəsində yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikamıza idxal olunan kənd təsərrüfatı məhsullarının genetik modifikasiyaya məruz qalmasının dəqiqliklə yoxlanması mümkündür. Əməkdaşlar genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsulları, o cümlədən belə kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaq məhsulları və hətta az miqdarda bu məhsullardan istifadə olunmaqla istehsal edilmiş ərzaq məhsullarında transgenləri təyin edə bilirlər.
Gömrük orqanları idxal olunan məhsulların keyfiyyətinə nəzarəti gücləndirmək və geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısını almaqla muxtar respublikamızda qida təhlükəsizliyi məsələsinin həllinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti