Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. “Tələbatın ödənilməsi və yerli istehsalçıların mənafeyinin qorunması” mövzusunda keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açıb.
Bildirilib ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda yaradılmış ictimai-siyasi sabitlik iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə hərtərəfli şərait yaradıb. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi hesabına ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olub. Ötən dövrdə qəbul olunmuş dövlət proqramlarının icrası sahibkarlığın inkişafına öz töhfəsini verib. Belə ki, sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Qeyd olunub ki, cari ilin əvvəlindən ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Amma buna baxmayaraq, bəzi hallarda yaranmış vəziyyətdən sui-istifadə edən, xüsusilə süni şəkildə qiymətləri artıran sahibkarlara da rast gəlinir. Bununla bağlı nazirlik tərəfindən müxtəlif reydlər keçirilir və bu kimi neqativ halların qarşısı alınır. Dövlətimiz tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilir, onların fəaliyyətini stimullaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda istehlakçıların hüquqlarının qorunması da diqqət mərkəzində saxlanılır. Burada əsas məqsəd daxili bazarın qorunması, ixracyönümlü məhsulların istehsalını stimullaşdırmaq, idxaldan asılılığı minimuma endirməkdir. Çünki yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, indiyədək muxtar respublikada yerli xammala əsaslanan bir çox istehsal müəssisələri yaradılaraq fəaliyyətə başlayıb. Əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdiriləcəkdir. İstehsal olunan məhsulların xarici amillərdən asılılıq səviyyəsini müəyyənləşdirməli, bunun aradan qaldırılması yollarını araşdırmalıyıq. Bildiyiniz kimi, muxtar respublikamızda kənd təsərrüfatı və müxtəlif sənaye məhsullarının istehsalı üçün münbit şərait mövcuddur. Buna görə də daxili bazarda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün azad rəqabət mühitinin yaradılmasına nail olmalı, inhisarçılığın qarşısının alınması məsələlərinə diqqəti artırmalıyıq. Eyni zamanda yerli məhsul istehsalçıları daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları haqqında da düşünməlidirlər. Nəzərə almaq lazımdır ki, ixracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq məqsədilə tələbatdan artıq məhsulun ixracı qarşımızda duran əsas məsələlərdəndir. Buna görə sahibkarlar dövlətimiz tərəfindən onlar üçün yaradılmış şəraitdən lazımınca bəhrələnməli, daxili bazarda əhalinin yerli məhsullara olan tələbatının ödənilməsinə, eyni zamanda bu məhsulların muxtar respublikadan kənarda satışının təşkilinə nail olmalıdırlar.
Sonra sahibkarlarla müzakirələr aparılıb.
Xəbərlər şöbəsi