Muxtar respublikanın dəmir yolu təsərrüfatında daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Bütün bunlar xidmətin səviyyəsinin yüksəlməsinə, dəmir yolu nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olur. Cari ilin fevral ayında muxtar respublika üzrə 11 min 836 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir. Həmçinin bu dövrdə Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən 1134 ton müxtəlif təyinatlı yük muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına çatdırılmışdır.
Sərnişin və yük daşımalarının mütəmadi təşkili, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq strukturları tərəfindən qatar və vaqonların, eləcə də elektrik şəbəkəsi və digər dəmir yolu qurğularının sazlığına nəzarət olunur. Fevral ayında Culfa lokomotiv və vaqon depolarında lokomotivlər 6 dəfə texniki baxışdan keçirilmiş, 1 elektrovoz, 1 teplovoz və 2 vaqon cari təmir edilmiş, 1 sərnişin vaqonunda isə istilik sisteminin yenilənməsi işi davam etdirilmişdir. Həmçinin İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmişdir. Bu dövr ərzində yolların cari təmiri də diqqət mərkəzində saxlanılmış, 205 kilometr baş yol, 31 kilometr stansiya yolları yoxlanılmış, 110 yararsız ağac şpal dəyişdirilmişdir. Qatarların stansiyalarda hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə rabitə və işarəvermə qurğularının sazlığı da nəzarətdə saxlanılmış, stansiyalarda, inzibati, texniki və yardımçı binalarda elektrik xətləri yoxlanılaraq nasazlıqlar aradan qaldırılmışdır.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən fevral ayında Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad stansiyasının İdarəetmə Mərkəzində isə Yol Sahəsinin yardımçı binalarında əsaslı təmir işləri davam etdirilmişdir.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti