İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsində istehlak üçün hazır məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisələrin mühüm əhəmiyyəti vardır. Yerli xammalın emal olunaraq müxtəlif tələbatların ödənilməsi həm iqtisadiyyatın şaxələndirilməsi, həm də daxili tələbatın təmin olunması prinsipləri baxımından ən sərfəli iqtisadi qərarlardan sayılır. Buna görə də muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasət tədbirləri arasında xüsusən bölgələrdə emal yönümlü istehsal müəssisələrinin yaradılması dövlətin əsas prioritetlərindən biridir.
Naxçıvan Muxtar Respublikasının ən böyük rayonlarından biri olan Babəkdə fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər saldıqda burada onların həm çoxprofilli, həm də rayonun, demək olar ki, əksər yaşayış məntəqələrində olduğunu görməkdəyik. Bu, bir tərəfdən yerli işçi qüvvəsinin imkanlarından səmərəli istifadə olunmasına, digər tərəfdən də mövcud xammal və enerji potensialından maksimum istifadəyə imkan yaradır. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının əksər bölgələrində də müşahidə olunan bu tendensiyanın Babək rayonunda əhəmiyyəti ona görə böyükdür ki, bu rayon həm muxtar respublikanın paytaxtına yaxın ərazidə yerləşir, həm də əhali və torpaq-su ehtiyatları baxımından çox geniş potensiala malikdir.
Muxtar respublikamızın müasir inkişaf mənzərəsində Babək rayonunun öz yeri vardır. Bu gün Babəkdə 80-ə yaxını istehsal təyinatlı olmaqla, 520-dən çox sahibkarlıq subyekti fəaliyyət göstərir. Şübhəsiz, bu qədər sahibkarın fəaliyyəti rayon iqtisadiyyatının inkişafına, əhalinin, əsasən, yerli mallara olan tələbatlarının ödənilməsinə şərait yaradır. Bundan başqa, yeni iş yerlərinin yaradılması baxımından istehsal müəssisələrinin əhəmiyyəti çox böyükdür. Belə ki, rayondakı istehsal müəssisələrində yüzlərlə yeni iş yeri yaradılıb. Bu baxımdan iqtisadiyyatın belə sahələrinin hərəkətə gətirilib inkişaf etdirilməsində özəl sektor, xüsusilə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti vacibdir.
Babək rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bununla yanaşı, rayonda tikinti materiallarının istehsalı və emalı, mineral sular istehsalı da vardır. Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərində mühüm əhəmiyyətli “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən istehsal müəssisəsi 2005-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1000 kvadratmetr olan müəssisədə yüksəkkeyfiyyətli travertin istehsalı üçün hər cür şərait yaradılıb.
“Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada bu sahə üzrə ixtisaslaşmış ən iri müəssisədir. Burada gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirən avadanlıq quraşdırılıb, kolbasa istehsalı sahəsinin gündəlik istehsal gücü 2 tona çatdırılıb. Otuz nəfərin daimi işlə təmin olunduğu müəssisədə müxtəlif çeşidlərdə ət və ət məhsulları istehsal olunur.
Müasir texnoloji avadanlıqlarla təmin olunmuş Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Əldə etdiyimiz son məlumata görə, 180 nəfərin işlə təmin olunduğu bu müəssisədə ötən il müxtəlif həcmdə 5 milyon 300 min litrdən artıq su qablaşdırılıb, ümumi məhsulun, təqribən, 11 faizi xarici ölkələrə ixrac olunub. Naxçıvanın brend məhsullarından biri olan “Sirab” suyu Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus, Türkmənistan, Litva respublikalarına və Rusiya Federasiyasına göndərilir.
Muxtar respublikamızda özəl sektora göstərilən dövlət dəstəyinin artması ilə Babək rayonunda da müxtəlif məhsul istehsalı ilə məşğul olan çox sayda sahibkar təbəqəsi formalaşıb. Nəticədə, rayondakı xammal ehtiyatlarından istifadə etməklə tikinti materialları, ət və süd məhsulları, mineral su və limonad, lavaş, şirniyyat istehsalı, habelə mebel və plastik qapı-pəncərə istehsalı sahələri yaradılıb, bir neçə dəyirman işə salınıb. Əlbəttə, müasir dövrdə yaradılmış iqtisadi imkanlarla müqayisədə bu, son hədd deyildir. Belə ki, Babək rayonunda mövcud olan potensial daha çox istehsal və emal müəssisələri yaratmağa imkan verir. Aqrar kompleksdə heyvandarlıq məhsullarının emalı üzrə istehsal müəssisələri əksəriyyət təşkil edir. Ancaq yaxın keçmişdə bu rayonda üzüm və meyvənin emalı üzrə istehsal müəssisələri fəaliyyət göstərib, bu sahədə güclü potensial əldə olunub. Odur ki, Babəkdə mövcud olan bütün xammal və istehsal potensialının hərəkətə gətirilərək onlardan tam istifadə olunması günün aktual məsələlərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası zamanı müxtəlif meyvə-tərəvəz məhsullarının istehsalı və onların emalı üzrə istehsal müəssisələrinin yaradılması bütün muxtar respublikamızda olduğu kimi, Babək rayonunda da öz həllini tapacaqdır.
Babək rayonunda fəaliyyət göstərən istehsal müəssisələri arasında bir çoxları həm işçi sayına, həm də mal dövriyyəsi həcminə görə seçilir. Belə ki, bunlardan bəziləri, məsələn, gəc sexləri mövsümi fəaliyyət göstərsələr də, əksəriyyəti ilboyu işləyərək bazara yerli məhsullar çıxarır. Naxçıvanda özünəməxsus şəkildə hazırlanan, yüksək keyfiyyəti ilə seçilən lavaşbişirmə ənənəsi olub. Bu iş indi müasir texnologiya ilə davam etdirilir. Naxçıvan lavaşına böyük tələbat olub, hətta ölkəmizin digər yerlərində və paytaxt Bakıda bu məhsul brend kimi tanınmaqdadır. Bu baxımdan Babək kimi böyük bir rayonda 40-a yaxın lavaş sexinin fəaliyyət göstərməsi təsadüfi deyildir. Bundan əlavə, rayonda 4 un dəyirmanı və 4 şirniyyat məhsulları istehsal edən müəssisələr, 6 istixana, 3 quşçuluq təsərrüfatı vardır. Digər bir mühüm məqam da ondan ibarətdir k, təkcə rayon mərkəzində, Nehrəm və Cəhri kimi iri kəndlərdə deyil, rayonun digər kəndlərində də istehsal müəssisələri fəaliyyət göstərir. Vayxır, Nəzərabad, Naxışnərgiz, Kültəpə və digər yaşayış məntəqələrində fəaliyyət göstərən çörək, süd məhsulları, unlu məmulatlar istehsal edən müəssisələr buna misaldır.
Babəkdə öz uğurlu işi ilə tanınan sahibkarlar çoxdur. Qeyd edək ki, onlardan süd məhsulları emalı ilə məşğul olan Rafiq Əliyev ötən ilin yekunlarına görə ilin ən yaxşı işəgötürəni nominasiyasının mükafatçısı olub.
Didivarlı sahibkar Səxavət Rzayev 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət biznesin davam etdirilməsi baxımından bir sahibkar üçün uğur sayıla bilər. Bizimlə söhbətində bildirdi ki, çörəkbişirmə ilə yanaşı, bağçılıqla da məşğuldur. İki hektar ərazidə salınmış ərik, şaftalı, gavalı ağaclarından artıq neçə ildir ki, məhsul götürür. İşlə təmin etdiyi 8 nəfər kəndlisi kimi o da işindən razıdır.
Zeynəddində gülçülüklə məşğul olan Əbdüləli Abbasov sahibkarlığa ötən ildən başlayıb. Öz sərmayəsi ilə işə başlayan sahibkar bazarda gülçülükdə idxalın payı yüksək olduğundan bu sahədə yaxşı satış imkanlarının olduğunu bildirdi. Yetişdirdiyi təzə çiçəklərə Naxçıvan şəhərinin mərkəzindəki gül mağazasında həmişə tələbat vardır. Söhbətində, hələlik, 2 nəfərin işlədiyi təsərrüfatını gələcəkdə genişləndirmək istədiyini qeyd etdi.
Babəkli sahibkarlar gələcəyə nikbin baxırlar. Muxtar respublikamızda biznes üçün yaradılmış münbit şərait iqtisadi imkanlardan istifadə edə bilən hər bir iş adamı üçün yeni fürsətlər açır. Real sektora öz töhfəsini verən belə sahibkarların sayı artdıqca gələcəkdə uğurlu layihələrin də sayı artacaqdır.
Əli Cabbarov