Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yataqxana binasının inşası davam etdirilir.
240 şagird yerlik, zirzəmi ilə birlikdə beşmərtəbəli yataqxana binasının dam örtüyü vurulub, arakəsmələrin hörgüsü başa çatdırılıb. Hazırda binanın fasadında və interyerində suvaq işləri gedir, kommunikasiya xətləri çəkilir.
Məlumat üçün bildirək ki, ötən müddətdə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris binasında yenidənqurma işləri aparılıb. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan lisey binasının yenidən qurulmasını “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları reallaşdırıblar. Burada aparılan yenidənqurma işləri zamanı binanın fasadında üzləmə işləri həyata keçirilib, interyer müasir tələblər səviyyəsində dizayn edilib, kommunikasiya xətləri yenilənib, binanın həyəti abadlaşdırılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb, lisey ən müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, Şərur şəhərində təhsil sahəsində aparılan quruculuq işləri bununla məhdudlaşmayıb. Belə ki, şəhər 2 nömrəli tam orta məktəbin əvvəlki ikimərtəbəli binası müasir tələblərə cavab vermədiyindən bu məktəb üçün yeni bina inşa edilir. Hazırda obyektdə hörgü və suvaq işləri aparılır. Bu quruculuq tədbirini də “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Təhsil ocağının binasında elektron lövhəli siniflər, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı yaradılacaq. Kitabxanada internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkün olacaq. Kompüter otağında hər biri internetə qoşulmuş kompüter dəstləri quraşdırılacaq. Məktəbdə yaradılan fənn laboratoriyaları da müasir tədris-təcrübə avadanlıqları ilə təmin ediləcək.
Səbuhi Hüseynov