Naxçıvan Muxtar Respublikasında əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması, yerli resurslardan səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Fevralın 24-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan yarma istehsalı sahəsi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Mirhəşim Seyidov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov məlumat vermişdir ki, istehsal sahəsi Sahibkarlığa Kömək Fondundan ayrılan vəsait və müəssisənin daxili imkanları hesabına yaradılmışdır. İstehsal sahəsində quraşdırılan müasir avadanlıqlar vasitəsilə yüksəkkeyfiyyətli məhsul istehsalına nail olmaq mümkündür. 576 kvadratmetr sahəyə malik olan müəssisədə 3 çeşiddə – 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə yarma istehsal olunur. Müəssisənin illik istehsal gücü 1500 tondur. Bu da daxili tələbatı tam ödəyəcəkdir. İndiyə kimi bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Gələcəkdə məhsulun xarici bazara çıxarılması da nəzərdə tutulur. Müəssisədə 10 yeni iş yeri açılmışdır.
“Şərq qapısı”