Bölgələrdə yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Təbii və mineral ehtiyatlarla zəngin olan Şahbuz rayonunda kiçik sahibkarlığın inkişafı məqsədilə yaradılan istehsal və emal müəssisələri muxtar respublikamızda daxili bazarın yerli məhsullarla təmin olunması üçün böyük əhəmiyyət daşıyırlar.
Dükan və marketlərdə hər gün çox sayda müştərinin aldığı “Çınqıllı” və “Böyrək” suları, “Farma Şah” əmtəə nişanı ilə satılan, minbir dərdin dərmanı olan təbii dərman bitkiləri, muxtar respublikamızın daxili bazarının yerli yumurtaya olan tələbatının əsas hissəsini ödəyən “Badamlı Broyler” quşçuluq təsərrüfatı və digər emal-istehsal müəssisələri bunlar arasındadır.
Şahbuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada ev təsərrüfatlarında istehsal olunan yüksəkkeyfiyyətli qovurmanın, kərə yağının, pendirin, balın, meyvə kompotlarının, mürəbbələrin dadı-tamı təkcə Naxçıvanda deyil, ölkəmizin paytaxtında da yaxşı tanınır. Bununla yanaşı, Şahbuzda forel balığı yetişdirilməsi, yerli xammal əsasında kərpic istehsalı və lavaşbişirmə müəssisələri də fəaliyyət göstərir. Şahbuzun ekoloji təmiz mineral və süfrə suları öz şöhrəti ilə hər yerdə tanınır. Keçili kəndində 2007-ci ildən fəaliyyət göstərən “Çınqıllı Bulaq” MMC dövlətin kredit dəstəyi ilə işə başlamışdır. Aylıq orta hesabla 8 min litr su qablaşdırılan müəssisədə 7 nəfər daimi işlə təmin olunmuşdur. 0,5, 1, 5, 10 və 19 litrlik taralarda muxtar respublikamızın hər yerinə satışa göndərilən “Çınqıllı” suyu Bakı şəhərində də özünə xeyli alıcı tapmışdır. İlin isti dövrlərində, xüsusən yay fəslində bu suya, eləcə də “Böyrək” suyuna tələbat xeyli çoxalır.
Badamlı qəsəbəsində sahibkar Elşad Məmmədova məxsus broyler müəssisəsi 2000-ci ildən fəaliyyət göstərir. Müəssisə dövlət kredit dəstəyi ilə işə başlamış, qısa müddət ərzində daxili tələbatı ödəmək üçün yumurta istehsalı üzrə ixtisaslaşmışdır. Müəssisədə olarkən öyrəndik ki, iş prosesi tamamilə avtomatlaşdırılmış bu müəssisənin istehsal gücü gündəlik olaraq 36-38 min yumurtadır. Hazırda bazara gündəlik 24 mindən çox yumurta çıxarılır.
Şahbuzda fəaliyyət göstərən maraqlı bir istehsal sahəsi İşgəsu massivində yerləşən forel balığı yetişdirmə müəssisəsidir. Hazırda 5 nəfərin daimi işlə təmin olunduğu bu müəssisə 2005-ci ildə dövlət kredit dəstəyi ilə işə başlamışdır. Bu müddətdə müəssisənin uğurları çox olmuşdur. Belə ki, təkcə cari ilin ilk iki ayı ərzində burada 42 min manatlıq məhsul istehsal edilmişdir. Yetişdirilən təzə balığın paketlənmiş şəkildə və Şahbuz şəhərindəki ticarət məntəqəsindəki hovuzlarda canlı satışı təşkil olunmuşdur. Müəssisədə olarkən sahibkar Nurlan Xəlilov bildirdi ki, müəssisənin istehsal etdiyi məhsulların konservləşdirilməsi və onların muxtar respublikadan kənarda da satışının təşkili nəzərdə tutulmuşdur.
“Farma Şah” dərman bitkilərinin istehsalı üzrə Şahbuz rayonunda fəaliyyət göstərən unikal müəssisələrdən biridir. Şübhəsiz, Şahbuzun bənzərsiz təbiəti və təbii sərvətləri arasında dərman bitkilərinin xüsusi əhəmiyyəti vardır. Elmi məlumatlara əsasən, Şahbuz dağları, xüsusən Dərələyəz silsiləsinin cənub yamacları dərman bitkilərinin növ tərkibinə görə təkcə Qafqazda deyil, bütün Avropada ilk yeri tutur. Buranın yerli əhalisi arasında da dərman bitkilərindən müalicə məqsədilə istifadə geniş yayılmışdır. 2010-cu ildən fəaliyyətə başlayan “Farma Şah” müəssisəsi Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğuldur. Səkkiz nəfərin daimi işlə təmin olunduğu bu müəssisədə 49 adda 60 çeşiddən çox dərman bitkiləri paketlənir. Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq paketlər şəklində qablaşdırılan minbir dərdin dərmanı olan bu məhsullara Naxçıvanın və Bakının marketlərində ilboyu böyük tələbat vardır. Gündəlik istehsal gücü 800 qutudan artıq olan “Farma Şah” bu tələbi ödəmək üçün növbəti mövsümə ciddi hazırlaşır.
Şahbuz rayonu aqrar rayon olsa da, burada emal sənayesinin müxtəlif sahələri üçün geniş imkanlar vardır. Bu gün rayonda xammal şəklində istehsal edilən kənd təsərrüfatı məhsulları çox da mürəkkəb olmayan bir emal prosesindən keçdikdən sonra geniş istehlakçı kütləsinə çatdırıla bilər. Şahbuzlu sahibkarlar kiçik sahibkarlığa verilən dövlət dəstəyindən faydalanmaqla yaratdıqları kiçik biznes sahəsində emal olunmuş süd və ət məhsullarını, meyvə konservləri və mürəbbələri muxtar respublikamızın və ölkəmizin hər yerində satışa çıxara bilərlər. Nəyə görə Kükünün alması, Biçənəyin balı, Badamlının badamı adıyla tanındığı halda, Şahbuz qatığı, qovurması muxtar respublikamızın, ölkəmizin marketlərində satılmasın? Bəzən düşünəndə ki, apteklərdə baha qiymətə satılan həmərsin yağının, yemişan çiçəyinin xammalı hər il yüz tonlarla Şahbuz dağlarında, kənd həyətlərində özü ərsəyə gəlir, onda bu fikirlərə olan əminliyimiz daha da artır. Bəli, şübhə yoxdur ki, muxtar respublikamızda həyata keçirilən tədbirlər daxili bazarın qorunması və kiçik sahibkarlığa verilən yüksək dövlət dəstəyi ilə gələcəkdə daha çox sayda və müxtəlif məhsul növləri üzrə emal və istehsal sahələri yaradılacaqdır. Şahbuzun həm təbii, həm də iqtisadi imkanları buna imkan verir.
Əli Cabbarov