23 Dekabr 2024, Bazar ertəsi

İqtisadi inkişafın mühüm göstəricilərindən biri xarici ticarətin həcmidir. Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Muxtar respublikamızda daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırıb. Nəticədə, dünya bazarına çıxa bilən naxçıvanlı sahibkarlar qarşısında yaxşı fürsətlər yaranıb. 

2015-ci ildə muxtar respublikamızın 56 xarici ölkə ilə ticarət əlaqələri olub. Ötən il ərzində xarici dövlətlərlə 512 milyon 354,5 min ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. Bu qədər həcmdə xarici ticarət əməliyyatlarında idxal və ixracın payına və strukturuna gəldikdə, görürük ki, bu müddət ərzində 414 milyon 420,6 min ABŞ dolları dəyərində mal ixraca göndərilib, 97 milyon 933,9 min ABŞ dolları dəyərində mal idxal olunub. İdxal-ixrac əməliy­yatları üzrə müsbət saldo 316 milyon 486,7 min ABŞ dolları təşkil edib. İdxal-ixrac əməliyyatlarının həcmini 2014-cü illə müqayisə etdikdə isə 2015-ci ildə ixrac əməliyyatlarının həcminin 1,4 faiz artdığını, idxal əməliyyatlarının həcminin isə 10 faiz azaldığını görürük.

Naxçıvan Muxtar Respublikasından ixrac edilən malların alıcıları olan dövlətlərdən Türkiyə Respublikası, Türkmənistan Respublikası, İran İslam Respublikası, İsrail Dövləti, Rusiya Federasiyası, Gürcüstan Respublikası və digərlərinin adlarını çəkmək olar. Ötənilki ixracın 316 milyon 797,3 min ABŞ dollarını, yəni ümumi ixracın 76,4 faizini sənaye məhsulları, 97 milyon 623,3 min ABŞ dollarını, yəni ümumi ixracın 23,6 faizini isə kənd təsərrüfatı məhsulları təşkil edib. Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının ixracı 1,1 faiz, kənd təsərrüfatı məhsullarının ixracı isə 2,6 faiz artıb. İl ərzində ixracın dinamikasına nəzər saldıqda iyun və avqust ayları ərzində onun həcminin ən yüksək səviyyədə olduğunu görməkdəyik. Naxçıvanın əsas ixrac məhsullarından məşhur mineral sularımızı, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı aromatlaşdırılmış içkiləri, spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti materiallarını, o cümlədən Naxçıvan sementini, gips və daş məmulatlarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorlar, karbon qazı və digər çox sayda məhsulları misal göstərmək olar. 2015-ci ildə muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, NAZ-Lifan avtomobilləri Belarusa ixrac olunub.
Muxtar respublikanın xarici ticarət əlaqələrinin artması ixrac olunan əmtəələrin bazar payının genişlənməsi ilə paralel olaraq idxalın coğrafiyasının da genişlənməsinə səbəb olub. Belə ki, idxal olunan əmtəələrin 50 faizi Avropa Birliyinin üzvü olan ölkələrdən, 31 faizi Türkiyə Respublikasından, 9 faizi MDB ölkələrindən, 3 faizi İran İslam Respublikasından, qalan 7 faizi isə dünyanın digər ölkələrindən alınıb. İdxalın strukturuna gəldikdə isə burada, təqribən, 63 milyon ABŞ dolları həcmində olan sənaye malları üstünlük təşkil edir. Bundan sonra əsas idxal olunan mallar arasında, təqribən, 14 milyon ABŞ dollarlıq nəqliyyat vasitələrini, onların ehtiyat hissələrini, daha sonra ərzaq məhsullarını, tikinti materiallarını və digər məhsulları görməkdəyik.
Ötən il ərzində idxal əməliyyatlarında dövlət sektorunun payı 51 milyon 540,62 min ABŞ dolları, yəni ümumi idxalın 52,6 faizini, fiziki şəxslər isə 44 milyon 713,51 min ABŞ dolları, yəni ümumi idxalın 45,7 faizini, özəl sektorun payı isə 1 milyon 679,77 min ABŞ dolları, yəni ümumi idxalın 1,7 faizini təşkil edib.
İxracyönümlü məhsul istehsalı iqtisadiyyatın prioritet məsələlərindən biridir. Bu, muxtar respublikamızda da belədir. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənir. Bundan əlavə, muxtar respublikada ixracyönümlü hazır məhsul istehsalının artması, yükdaşımalarının artmasına imkan verəcək yeni nəqliyyat imkanlarının yaranması və digər müasir infra­struktur şəraitinin yaradılması gələcəkdə ixracatın səviyyəsini daha da yüksəldəcəkdir.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR