23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, 1992-ci il fevralın 24-də qəbul etdiyi qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaranmışdır. Bu dövrdə ulu öndərimizin xüsusi dövlətçilik səriştəsi və şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynamışdır.

Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə böyük inkişaf yolu keçən muxtar respublikanın gömrük sistemi bu gün yüksək maddi-texniki bazası və müasir idarəetmə modeli ilə seçilir. Son illər qonşu Türkiyə və İran İslam respublikaları ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Son illər gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, 2001-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin və 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin, 2012-ci ildə isə Naxçıvan Gömrük Ekspertiza İdarəsinin və Gömrük Mühafizə Xidmətinin yaradılması nəticəsində muxtar respublikanın gömrük orqanlarının strukturu daha da genişləndirilmişdir. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtıda müasir gömrük kompleksləri tikilib istifadəyə verilmiş, 2012-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin açılışı olmuş, müasir gömrük laboratoriyası qurulmuşdur.
Naxçıvan gömrük sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün, 2015-ci ildə isə “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda Sədərək sərhəd-keçid məntəqəsi üçün yeni kompleks yaradılır. Müasir gömrük infrastrukturunun yaradılması Naxçıvanın tranzit potensialını artırmışdır.

Bu gün muxtar respublika gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrində quraşdırılan X-Ray tipli rentgen-nəzarət qurğuları yüklərə gömrük nəzarətini daha dəqiq və operativ həyata keçirməyə imkan verir. Bu da qaçaqmalçılıq hallarının qarşısının alınmasına, xarici ticarətin inkişaf etdirilməsinə, idxal-ixrac prosedurunun sadələşdirilməsinə, ümumilikdə, gömrük işinin keyfiyyətinin və xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Bundan başqa, gömrük orqanlarının gənc kadrlarla komplektləşdirilməsi, əməkdaşların dünyanın müxtəlif ölkələrində keçirilən seminar və kurslarda iştirakının təmin olunması, beynəlxalq təcrübənin öyrənilməsi yaradılan şəraitdən maksimum şəkildə bəhrələnməyə və xidmətin səmərəli təşkilinə şərait yaradır.
Gömrük işinin səmərəliliyini artırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunur. Gömrük sərhəd-buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması “bir pəncərə” prinsipinə uyğun aparılır, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi, gömrük əməliyyatları üzrə maliyyə fəaliyyətinin tənzimlənməsi, gömrük sahəsində hüquqpozma faktlarının qeydiyyatı, statistik məlumatların formalaşması və analitik təhlilin aparılması, risklərin idarə olunması, kadrların uçotu və sənəd dövriyyəsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə həyata keçirilir. İş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsidir ki, indi gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin bəyannaməsinin tətbiqi, gömrük sərhəd-buraxılış məntəqələrindən keçiriləcək mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, aparılmış idxal-ixrac əməliyyatları ilə bağlı məlumatların əldə olunması, gömrük rəsmiləşdirməsinə başlamaq üçün müraciətin və gömrük orqanlarında xidmət üçün ərizə qəbulu elektron formada aparılır.
Gömrük orqanlarında iş prosesinin mütəmadi izlənilməsi və mövcud vəziyyətə operativ müdaxilə edilməsi üçün müasirtipli müşahidə kameraları mövcuddur. Komitədə qurulmuş “Hədəf mərkəzi”ndə tabeli gömrük orqanlarındakı iş prosesinə 24 saat nəzarət olunur. Gömrük orqanlarında qurulmuş rentgen-nəzarət qurğuları da bu mərkəzə bağlıdır. Buradan “GPS naviqasiya sistemi” vasitəsilə avtonəqliyyat vasitələri sərhəd-keçid məntəqəsindən muxtar respublikaya daxil olduğu andan təyinat yerinə çatanadək nəzarətdə saxlanılır.
Hər bir ölkənin gömrük siyasətinin başlıca məqsədi xarici ticarətin səmərəliliyinin yüksəldilməsindən, ondan daha yüksək fayda götürülməsinə nail olmaqdan və iqtisadi təhlükəsizliyin təmin edilməsindən ibarətdir. Daxili bazarın qorunması xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Təcrübə göstərir ki, xarici ticarət fəaliyyətinin iqtisadi inkişafa xidmət etməsi üçün onun tənzimlənməsi vacibdir. Müasir dövrdə belə fəaliyyətin əsas tənzimləyicisi kimi gömrük orqanları çıxış edir. Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmişdir. Bu gün muxtar respublika dünyanın 56 ölkəsi ilə ticarət əməliyyatları aparır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, hətta ixrac potensialının artmasına da müsbət təsir göstərir.
Muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafı, ticarət əlaqələrinin artması, gömrük infra­strukturunun və maddi-texniki bazanın möhkəmlənməsi beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün də münbit şərait yaradır. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri regionda ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.
Dövlət Gömrük Komitəsinin əməkdaşları bundan sonra da ölkə­mizin, eləcə də muxtar respublikamızın iqtisadi inkişafına öz töhfələrini verəcək, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR