23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, 2015-ci ildə 36 min 237 hektar sahədə taxıl əkini aparılıb ki, bu da 2008-ci ildə əkilmiş sahədən 2795,8 hektar çoxdur. 2015-ci ildə əkilmiş taxılın 26 min 746 hektarını buğda, 9491 hektarını isə arpa təşkil edib.

Taxıl zəmilərindən 2015-ci ildə 106 min 282 ton məhsul tədarük olunub ki, bu da 2008-ci ilin məhsulundan 23 min 718 ton çoxdur. Taxılçılıqda yeni və məhsuldar toxum materialının tədarükü, becərmənin yüz faiz mexanikləşdirilməsi, gübrə normalarının tətbiqi, növbəli əkin dövriyyəsi, suvarmaların şırım üsuluna keçirilməsi məhsul istehsalının artımına geniş imkan yaradıb. 2008-ci illə müqayisədə taxıl əkini sahəsinin 8,4 faiz, məhsul istehsalının 28,7 faiz artımı taxılçılığın ekstensiv üsulla deyil, müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirildiyini göstərir.

Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır ki, bu da taxılçılığa olan marağın daha da artmasına səbəb olur.
Məlumat üçün bildirək ki, strateji əhəmiyyətli məhsulun tədarük olunub keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər cari ildə də diqqət mərkəzindədir. Hazırda Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun da satışı həyata keçiriləcəkdir.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-də taxılın tədarük olunub saxlanılması ilə yanaşı, istehsalına da əlverişli şərait yaradılıb, yeni un dəyirmanı istifadəyə verilib. Gündəlik istehsal gücü 200 ton un olan dəyirmanda müasir texnoloji avadanlıqlar quraşdırılıb. Ayrı-ayrı sahələrdə olduğu kimi, un istehsalı sahəsində də regionumuzun perspektiv inkişafı nəzərə alınıb, un tələbatı 65 min tona yaxın olan muxtar respublikamızda illik istehsal gücü 73 min ton olan yeni un dəyirmanı yaradılıb. Bu dəyirman işlərin kompleks şəkildə həyata keçirilməsinə imkan verir. Belə ki, həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una, çörəyə olan tələbatı ödənilir.
Müəssisədə fəaliyyət göstərən dəyirmanın keyfiyyətli taxılla təmin olunmasına hər cür şərait yaradılıb. Dəyirmanda üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq, əla, I növ və qara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib elementlərlə zəngin olan yeni çeşiddə kəpəkli un istehsalı da təmin olunub. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində yeni müəssisə yaradılıb. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal edilən qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.
Onu da qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır.
Əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması, yerli resurslardan səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yarma istehsalı sahəsinin yaradılması başa çatdırılıb.
Yeni istehsal sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 250 min manat, müəssisənin daxili imkanları hesabına 208 min manat olmaqla, ümumilikdə, 458 min manat vəsait sərf olunub. Sərf olunan vəsaitin 318 min manatı avadanlıqların alınmasına, 140 min manatı istehsal sahəsinin tikinti-quraşdırma işlərinə yönəldilib. Ümumi sahəsi 576 kvadratmetr olan müəssisədə son texnoloji nailiyyətlərə əsaslanan Türkiyə Respublikası mənşəli avadanlıqlar quraşdırılıb. İllik istehsal gücü 1497,6 ton olan yarma istehsalı sahəsində yüksəkkeyfiyyətli məhsul istehsalına əlverişli şərait yaradılıb. İstehsal olunan 3 çeşiddə yarma məhsulu 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, indiyə kimi bu məhsula olan tələbat tamamilə idxal hesabına ödənilirdi.
Yeni istehsal sahəsinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb, müəssisədə 10 yeni iş yeri açılıb. İşçilər pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat vasitəsi ilə təmin ediliblər.
İstehsal edilən məhsulların daxili bazarda rəqabətə davamlı­lığının təmin edilməsi əsas hədəflərdəndir. Müəssisə tərəfindən istehsal olunan yarma məhsulu analoji idxal məhsulunun keyfiyyət göstəriciləri ilə müqayisədə daha yüksəkdir. Hazırda istehsal edilən məhsulun tanıdılması ilə əlaqədar tədbirlər davam etdirilir. İstehsal olunan yarma məhsulunun gələcəkdə xarici bazara ixrac olunması nəzərdə tutulur.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR