Bu gün hər bir Azərbaycan qadını həyatımızın bütün sahələrində təmsil olunur, Vətənə, xalqa xidmət edir. Bu, əlbəttə, sevindirici haldır: onlar siyasi arenada da öz sözlərini deyir, cəmiyyəti narahat edən bütün məsələlərə operativ, çevik münasibət bildirirlər. Sözsüz ki, bütün bunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda yaradılan ictimai-siyasi sabitliyin, münbit şəraitin nəticəsidir. Həyatımızın hansı sahəsinə baxsaq, orada qadın əməyinin izlərini görürük. Artıq qadınlarımız sahibkarlıq sahəsində də özlərini sınayırlar.
Etiraf edək ki, çoxumuz biznesin kişilər tərəfindən idarə edilməsini düşünürük. Ancaq bunu unuduruq ki, istənilən biznesdə uğur qazanmağın əsas motivi qadınlardır. Məşhur Harvard Universiteti tədqiqatçılarının apardığı araşdırmalara görə, istənilən alış prosesində kişilər əldə edəcəyi məhsula, qadınlar isə məhsulla yanaşı, əlavə dəyərlərə də üstünlük verirlər.
Şərur rayonundakı Cəlilkənddə lavaş sexinin sahibkarı olan Rüxsarə Ağayevanın timsalında bu sahədə də qadınlarımızın uğur qazanmasını oxucularımıza çatdırmaq istəyirəm. Bəs kimdir bu xanım? Necə oldu ki, sahibkarlıq fəaliyyətinə başladı? Bu suallarımıza cavab tapmaq üçün kəndə yollandıq. Lavaş sexini tapmaq bizim üçün heç də çətin olmadı. Çünki Rüxsarə xanımı kənddə müəllim kimi tanıyırlar. O, Düdəngə kənd tam orta məktəbində çalışır. Müəssisənin həyətində bizi qarşılayan Rüxsarə xanımla hal-əhval tuturuq. Söhbətə də o başlayır:
– Təqaüd yaşım yaxınlaşır. Amma bu, o demək deyil ki, işləməyəcəm. Necə ki canım sağlamdır, işləyəcəyəm. Ona görə də özümü sahibkarlıq sahəsində sınamaq istədim. Kəndimizdə kiçik sex qurmaq çoxdankı arzum olub. Niyə kiçik bir sex? Çünki belə istehsal sahələrini idarə etmək və istehsal olunan məhsullara bazar tapmaq asandır. Böyük müəssisələri elektrik enerjisi və digər avadanlıqlarla təmin etmək lazım gəlir ki, bunlar da çox böyük problemlər yaradır. Lakin kiçik sexlərin qurulması, onların çevik idarə formasına keçirilməsi uyğun və sərfəlidir. İndi muxtar respublikamızda əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi diqqət mərkəzində saxlanılır. Sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən uğurlu siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaradıb. Ötən il kəndimizdə lavaş istehsalı müəssisəsi yaratdıq. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan maliyyə dəstəyi göstərildi.
Rüxsarə xanım əlavə edir:
– Lavaşın hazırlanması böyük əmək tələb edir. Bu müqəddəs məhsul, əsasən, oval formada təndirə yapılırdı. Qadınlarımızın bunun üçün çox əziyyət çəkdiklərini görürdüm. Müasir dövrdə, texnologiyanın inkişaf etdiyi bir vaxtda belə bir müəssisə quraraq qadınlarımızı bu əziyyətdən qurtarmaq arzusu məndən əl çəkmirdi. Lavaş mətbəximizin ayrılmaz hissəsidir. Toyda evlənənlərin çiyinləri üzərinə lavaş qoyurlar ki, onlar bolluq, rifah içində yaşasınlar. Mahmud Kaşğarinin məşhur “Divani-lüğət-it türk”, Yusif Balasaqunlunun “Kutatqu bilik” əsərlərində, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin kitablarında lavaşın adı çəkilir. Hazırda Azərbaycan lavaşı Qafqaz, Orta Asiya, Asiya, Avropa ölkələri və Amerikada çox məşhurdur.
Əvvəllər müəssisədə 3 nəfər çalışsa da, istehsal artdığından onların sayı 6 nəfərə çatdırılıb. Səmimi bir ailəni xatırladan kollektivin başlıca məqsədi keyfiyyətli məhsul istehsal etməklə alıcıları razı salmaqdan ibarətdir.
Gülər Hüseynova söhbət zamanı dedi: – Çörək bişirmək çox məsuliyyətli işdir. Adamdan bacarıq və səbirlə yanaşı, halallıq da tələb edir. Məhsulu tələbata görə istehsal etdiyimizdən ziyana düşmürük. Bu kiçik müəssisə onlarla ailənin gündəlik çörək məhsuluna olan tələbatını ödəyir.
Söhbətimizə Gülnar İbrahimova qoşulur:
– Dörd aydır ki, bu müəssisədə çalışıram. İşlə təmin olunmaq ailəmiz üçün vacib məsələ idi. Burdan aldığımız maaşla ailəmizi dolandırıram. Çalışırıq ki, keyfiyyətli məhsul istehsal edək. Hələ indiyə kimi alıcılardan şikayət eşitməmişəm. Bizim iş başqa peşələrdən fərqli olaraq daha çox halallıq sevir. Çörəyə haramlıq qatılsa nə Allah bağışlar, nə də ki bəndə.
İstehsal sahəsində çalışanlardan Ülviyyə İbrahimova, Nuranə Sadiqova, Məlahət Hüseynova da işlə təmin olunduqlarına görə minnətdarlıq etdilər.
Lavaş sexində istehsal olunan məhsullardan satıcılar da razılıq edir, alıcılar da. Müəssisədə alıcılarla da həmsöhbət oldum. Şərur şəhər sakini Sənan Əliyev işlətdiyi ərzaq mağazası üçün məhsul almağa gəlib. O dedi: – Təbii ki, gündəlik tələbat malları içərisində insanın ən çox ehtiyac duyduğu lavaş və çörəkdir. Bu mənada, biz də öz tələbatımızı bu müəssisənin istehsal etdiyi məhsullarla ödəyirik. Çünki keyfiyyəti və çəkisi bizi qane edir.
Müəssisəyə tələbat getdikcə artır. Sahibkar artıq ikinövbəli iş rejiminə keçməyi planlaşdırıb.
Müəssisədən ayrılarkən düşünürdüm ki, artıq qadınlarımız da sahibkarlıqda öz sözlərini deməyi bacarırlar. Bu isə Azərbaycan qadınının digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etdiyini göstərir.
Sara Əzimova