Alman biznesi haqqında yazmaq o qədər də asan deyil, baxmayaraq ki, almanlar mahiyyət etibarilə sabit və məqsədə doğru inamla getməyi bacaran xalqlardandır. Onları nə yaponla, nə də çinli ilə müqayisə etmək mümkündür. Almanlar şərqlilərdən fərqli dəyərlərə köklənən xalqdır. Həddən ziyadə maşınlara, texnikaya və mexanizmlərə bağlıdırlar, qayda-qanun isə onlar üçün müqəddəsdir. Ona görə də almanları, yumordan nə qədər uzaq olsalar da, xarakterizə edən bir cümləlik məşhur Avropa lətifəsini xatırlamasan olmur: alman cənnətə düşsə mütləq mexanik, cəhənnəmdə isə polis vəzifəsini seçəcək. Alman mentaliteti əvvəl özünü, sonra başqalarını düşünməyə köklənsə də, digər mədəniyyətlərə qarşı həssas və diqqətcildir.
Alman stereotipi təşkilatçıdır, qaydaları sevir, qanunlara əməl edir, idealda isə hərbi marşın ritmi ilə yaşayır. Bu, onların dəqiqlik və prinsipiallığından irəli gəlir. Almanlara biz “alman”, ruslar “nemets”, ingilislər “german”, fransızlar “allemande”, italyanlar “tedesco”, özləri isə “deutsche” deyirlər. Bunu almanların tarixi köklərinin digər xalqlara bağlılığı ilə izah edirlər. Çətin başa düşülən bir xalqdır, tarixdə baş verən müharibələrə görə onlardan ehtiyatlananlar bu gün də az deyil.
Rus yazıçısı Dostoyevski yazırdı ki, almana məxsusi alışmaq lazımdır. Alman yazıçısı Tomas Mann hesab edirdi ki, almanları dərk etmək, ümumiyyətlə, çətindir. Dahi Höte isə yazırdı ki, almanlar hər şeyi özləri və başqaları üçün çətinləşdirirlər. Lakin bütün bu deyilənlərə rəğmən almanlar səliqə-sahmana aşiqdirlər, həvəslə və çox işləməyi bacarırlar. Eyni zamanda alman bürokratiyasının tayı-bərabəri yoxdur. Dostum Almaniyada ölən anasını gətirmək üçün bir aydan artıq bürokratik qaydalara ilişib qaldı, dəfn günü mərhumun qırxı ilə üst-üstə düşdü.
Almanlar qanunlara səcdə etməyi bacarırlar. Onların zəif yeri müxtəlif mexanizmlərə sonsuz sevgidən ibarətdir. Bizim üçün at, arvad və silah nədirsə, alman üçün də avtomobil və mexanizmlər eyni şeydir.
Bu ölkədə iqtisadiyyatın ana sütununu kiçik və orta sahibkarlıq təşkil edir. Almanlar orta təbəqəyə mittelstand deyir və onu göz bəbəyi kimi qorumağa çalışırlar. Bütün işləyən almanların, təxminən, 70 faizə qədəri biznesin bu sahəsində çalışır. Belə göstəricilər nə ABŞ-da, nə də İngiltərədə var. ÜDM-in, təxminən, yarısı kiçik və orta sahibkarların payına düşür. Alman iqtisadiyyatının simasını sənaye nəhəngləri ilə bərabər, kiçik və orta müəssisələr də təmsil edir. AFR-də sağlam rəqabəti iqtisadi qayda-qanun təmin edir, yaradılan yeni müəssisələr dövlət büdcəsinə gəlir, insanlara isə iş yerləri verir.
Almaniyada kiçik və orta sahibkarlıqda böhran illərində statistik rəqəmlərdə azalma müşahidə olunsa da, bu ölkədə biznes inkişaf etməkdədir. 2012-ci ildə 346 min firma yaradılıb, bu, əvvəlki illə müqayisədə 14 faiz aşağıdır. 2013-cü ildə bu rəqəm bir neçə faiz də azalıb. Alman şirkətləri bütün çətinliklərə baxmayaraq, böhran illərində də uğurla işləyə bildi, bazarda bolluğu təmin etdi və inkişafdan qalmadılar.
Kiçik və orta müəssisələrə əməkdaşlarının sayı 9-dan 500 nəfərədək, dövriyyəsi 50 milyon avroyadək olan firmalar aid edilir. AFR-də onların ümumi sayı 3 milyondan artıqdır. İxracyönümlü 1300 kiçik və orta müəssisə dünya ixracatçıları arasında çempiondur. Belə şirkətlər dünya bazarlarındakı əlverişli mövqeyinə görə sabitliyin zəmanətçisi kimi çıxış edə bilirlər. Daxili bazarda sahibkarların mülkiyyət hüququnu alman qanunvericiliyi ciddi qoruyur; iş verənlərlə işə götürülənlərin münasibətlərinin səlis tənzimlənməsi hər iki tərəfin maraqlarını ədalətlə təmin edir. Kiçik və orta sahibkarlara dəstək prioritet kimi dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Bu ölkədə kiçik və orta sahibkarlara münasibət bütün digər Avropa dövlətləri üçün bir nümunədir.
Belə müəssisələrin maliyyələşdirilməsi Dövlət Kredit Bankı tərəfindən 200-dən artıq dəstək proqramı çərçivəsində həyata keçirilir. Yeni fəaliyyətə başlamaq istəyən sahibkar öz biznes planını yaşadığı yerdə kommersiya bankına təqdim edir, məsələ müsbət həll edildikdə kredit bankına güzəştli şərtlərlə kredit ayrılması üçün sorğu göndərilir. Kreditlərin müddəti 10 ilə qədərdir və bir qayda olaraq, birinci iki ildə sahibkar borc və faizləri ödəməkdən azaddır. Kreditlərin orta məbləği 200-300 min avro arasındadır. Lakin kreditin məbləği bir neçə min avrodan bir neçə milyonadək ola bilər. Dövlət güzəştli krediti sahibkara ala gözlərinə görə vermir, məqsəd odur ki, bu müəssisələr xeyirlə işləsin, vergiləri ödəsin, yeni iş yerləri yaratsın, işini genişləndirərək innovasiyalara və perspektivli sahələrə investisiya yatırsın. Ona görə də sahibkarların biznes planları bir-birindən asılı olmayan 4 səviyyədə yoxlamalardan keçir.
Dövlət güzəştli kreditləri verərkən bazarın nisbətən zəif və inkişafda olan təbəqəsinin maraqlarını nəzərə alır, qadın sahibkarlara, mühacirlərə, innovasion yeniliklər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat şirkətlərinə kreditlər ayrılarkən üstünlük verir. Məsələn, yeni iş quranlara illik 3 faizlə “start maliyyəsi” adı altında güzəştli kreditlər verilir. Perspektiv biznes planı təklif edən yeni müəssisə 100 min avro da yardım ala bilər. Həmçinin Bərpa Kredit Bankı tərəfindən istehsalın genişlənməsi üçün 300 min avroyadək kreditlər verilir.
İşsizliklə mübarizədə ən populyar addımlardan biri kiçik və orta müəssisə yaradarkən müflis olub iş yerini itirən sahibkarlara verilən təmənnasız dövlət yardımlarıdır. Onlara sonuncu maaşının 65 faizi həcmində əlavə sosial müavinət ödənilir. Almaniyada 10 ildən yuxarı tətbiq edilən bu dotasiyalar keçmiş işsizlərin kütləvi surətdə kiçik və orta müəssisələr yaratmasına səbəb oldu. Hər il kiçik və orta sahibkarlara 15 milyard avro ətrafında kredit ayrılır. Kommersiya riskinin yarısını dövlət öz boynuna götürür. İşə başlayan xanımlara kömək edən xüsusi agentlik fəaliyyət göstərir.
Müəssisələrin qeydiyyatdan keçmə qaydaları eynidir, yalnız ilkin qeydiyyat üçün fəaliyyət növündən asılı olaraq müraciət ediləsi təşkilatlar müxtəlifdir. Almaniyada 50 avroya 15 dəqiqə ərzində şirkət açmaq mümkündür. Bu günədək sənətkarların azadlığı haqqında qanun qüvvədədir, bu isə o deməkdir ki, istənilən növ sahibkarlıq fəaliyyətinə dövlət tərəfindən icazə verilir. Formal prosedurlar avtomatik həll edilir. Bəzi fəaliyyət növlərinə – restoran, diskoteka, açıq təbiətdə kafe açarkən müəyyən əlavə icazələr lazım gəlsə də, bunların heç biri sahibkar üçün əlavə problem yaratmır və tez həll olunur. Sadəcə, qaydalara əməl etdikdə heç bir çətinlik yaranmır. Almaniyada şirkətlər yoxlanılarkən müəyyən faktlar üzə çıxdıqda belə, müəssisənin fəaliyyətinə qadağa qoyulmur, hətta yoxlamaların varlığı belə hiss olunmur.
Əgər almana sual versəniz ki, dövlət məmurları yoxlamalar zamanı sahibkarı şantaj edə bilərmi, o, sizi sadəcə başa düşməyəcək. Ona görə ki, sahibkarlar özləri bu yoxlamaların marağındadır və istehsal etdikləri məhsul və xidmətlərin standart və normalara nə dərəcədə uyğun gəldiyini bilmək istəyirlər. Bu, onlarda bazar rəqabətində əminlik yaradır. Dövlət məmurunu rüşvətlə yoldan çıxarmaq, ələ almaq həm mümkün deyil, həm də sərfəli. Onlar da öz işlərini yaxşı icra edir və yüksək maaş aldıqları üçün iş yerlərini itirmək istəmirlər.
Kiçik və orta müəssisə yaradan sahibkar əmək agentliyinə işçilərin sayı barədə məlumat verməlidir. Bu, işə götürülənlərin sosial və təqaüd sığortalarının qeydiyyata alınması üçün vacibdir. Sahibkar özü bütün ödəmələrin dörddəbirini əmək agentliyinə ödəyir, qalan məbləğ isə işçilər tərəfindən ödənilir. Avtomatik olaraq bütün işə götürənlər işçiləri bədbəxt hadisələrdən sığortalayır. Bununla da, sahibkar fors-major hadisələrdə çıxılmaz vəziyyətə düşməkdən özünü xilas edir. Eyni zamanda bütün alman şirkətlərinin bağladığı məsuliyyət sığortası da mövcuddur. Artıq Berlində ingilis dilində də şirkətləri qeydiyyatdan keçirmək mümkündür. Almaniya bu minvalla xarici investorları cəlb etmək niyyətindədir.
Alman sahibkarlar işin qurulması üçün yer axtaranda da əziyyət çəkmirlər. AFR-də müqavilə azadlığı deyilən bir qayda mövcuddur. Heç bir çətinlik çəkmədən işin qurulması üçün yararlı yerin sahibi ilə icarə müqaviləsi bağlamaq mümkündür. Daşınmaz əmlakı axtarıb satın almaq da asandır, bir şərtlə ki, əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunsun.
Alman sahibkarlar həmişə vergi yükünün ağırlığından inildəyirlər. Vergilər ölkənin müxtəlif regionlarında fərqlidir. İstehsal prosesinə ayrılan bütün xərclər çıxıldıqdan sonra xalis gəlirdən vergilər tutulur. İstehsal prosesi ilə bağlı vergilər 15 faiz, ƏDV və ya dövriyyədən vergi fəaliyyət növündən asılı olaraq 7-19 faiz arasındadır, kapitala qoyulan vergi isə gəlirdən asılı olaraq proqressiv şkala ilə hesablanır. Sonda sahibkarın əlində gəlirinin yalnız 50 faizi qalır. Gəlirin digər yarısını dövlət qatlayıb cibinə qoyur. Ona görə ki, bu məbləğin əvəzində dövlət sahibkara azad şərait yaradır, dövlət bankı vasitəsilə güzəştli investisiyalar təklif edir. Əvəzində isə bütün başqa hallarda sahibkarın işinə qarışmır, kömək isə həmişə göstərilir.
AFR-in İqtisadiyyat Nazirliyinin yaratdığı saytda kiçik və orta biznesin təmsilçiləri peşəkar mütəxəssislərin məsləhətini ala, biznes planlarını qurmaq üçün proqram paketlərini saytdan pulsuz yükləyə bilərlər. Həmçinin dövlət kiçik biznesə birbaşa da subsidiyalar və aşağı faizli güzəştli kreditlər qismində dəstək verə bilir. Ancaq qaydalar belədir ki, kiçik biznes öz problemlərini sərbəst həll edir. Və o, yalnız fəaliyyət şəraitinə alışa və cəmiyyətin tələblərini ödəyə bilmədikdə və ya iqtisadi inkişafın çatışmayan elementlərindən fəaliyyəti çətinləşdikdə dövlət yuxarıdan işə qarışır. Məsələn, 2010-cu ildəki böhran zamanı sənətkarlara dəstək üçün alman hökuməti onların xidmətinə görə vergilərin bir qismini silən qanun qəbul etdi ki, istehlakçılar leqal sənətkarların xidmətlərindən istifadə etsinlər.
Əgər desək ki, Almaniyada kiçik sahibkarların heç bir problemi yoxdur, bu, əlbəttə ki, həqiqətə uyğun olmayacaq. Hətta alman ölçüləri ilə də çatışmazlıqlar mövcuddur. Rəqiblərin qiyməti öldürməsi, istehlakçıların da müxtəlif xidmətlərə görə qiymətləri aşağı salmağa cəhd etməsi müəyyən çətinliklər yaradır.
Kiçik sahibkarları narahat edən məsələlərdən biri də kadr problemləri ilə bağlıdır. Kiçik şirkətlərə gənclər, əvvəlki illərdə olduğu kimi, həvəslə gəlmirlər. Bütün dünyadakı bank sistemində bir neçə dəfə baş verən böhranlar AFR-dəki kiçik sahibkarlardan da yan ötmədi. Dünyanı bürüyən qlobal böhranın təsirini yumşaltmaq məqsədilə AFR-də yeni maliyyə strukturları yarandı, verilən mikrokreditlərin həcmi artırıldı. Bütün bu addımlar, ağır böhran illərinə baxmayaraq, ölkədə kiçik və orta sahibkarlara gəlirlə işləməyə imkan verdi.
Alman iqtisadiyyatının uğurunu təmin edən başlıca amil, bəlkə də, almanların özlərinə qarşı həddən ziyadə tələbkar olması, qazandıqları nailiyyətlərə soyuqqanlı yanaşması ilə bağlıdır. Onlar uğuru göylərə qaldırıb bayraq kimi başının üstündə aramsız yırğalamağı sevmirlər. Bir də irəli gedən ölkələrin hamısının, Şərqdə və Qərbdə yerləşməsindən asılı olmayaraq, bənzər əlamətləri var. Onlar keçmişlərini, tarixini analiz edir, perspektiv planlarını milli mentalitetin vərdiş və xüsusiyyətlərinə uyğun qururlar. Dünyaya və qabaqcıl təcrübəyə açıqdırlar. Öz xalqlarını, torpaqlarını, bayraq və dövlətlərini sevir, milli mədəniyyətləri, mental xüsusiyyətləri ilə fəxr edirlər.
Bahadur İMANQULİYEV
“Azərbaycan” qəzeti,
14 fevral 2016-cı il