23 Dekabr 2024, Bazar ertəsi

Martın 17-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının 2015-ci ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov açaraq muxtar respublikanın hərtərəfli inkişafında sahibkarlığın rolundan danışıb, özəl sektora göstərilən dövlət qayğısından bəhs edib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov çıxış edərək bildirib ki, Sahibkarlar Konfederasiyası 2015-ci ildə fəaliyyətini Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Ali Məclis Sədrinin sahibkarlığın inkişafı sahəsində verdiyi tapşırıqların icrası istiqamətində qurub. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyinin əməkdaşları ilə birlikdə yerli istehsal məhsullarının satış həcminin artırılması məqsədilə həvəsləndirici kampaniyaların keçirilməsi üçün sahibkarlıq subyektləri ilə görüşlər keçirilib, həvəsləndirici kampaniyalar müəyyən edilib və bu istiqamətdə işlər hazırda davam etdirilir.

Bildirilib ki, 2015-ci il ərzində istehsal xərclərinə qənaət və məhsulun maya dəyərinin kalkulyasiyasının düzgün aparılmasına nəzarətin təmin edilməsi üçün istehsal təyinatlı müəssisələrdə sahibkarlarla görüşlər təşkil edilərək bu məsələ ilə bağlı onların fikirləri öyrənilib və sahibkarlara metodik köməklik göstərilib. Bundan əlavə, muxtar respublikada beynəlxalq və yerli əhəmiyyətli yükdaşımaları üçün logistik şirkətin yaradılması ilə bağlı irihəcmli istehsal obyektlərinin sahibkarları ilə görüşlər keçirilib, hazırda onların yüklərinin göndəriləcəyi yerlərin müəyyənləşdirilməsi və logistik şirkətin yaradılması üçün planlar hazırlanır. Ölkəmizin digər bölgələrinə satış üçün məhsul göndərən sahibkarlıq subyektlərinin müraciəti əsasında Sahibkarlar Konfederasiyası adından gömrük orqanlarına müraciət olunub və nəticədə, yerli istehsal məhsullarının respublikamızın digər bölgələrinə çıxarılmasına nail olunub.
Qeyd edilib ki, fəaliyyətini dayandırmış və ya istehsal həcmi azalmış müəssisələrin fəaliyyətinin bərpası, istehsal potensialından səmərəli istifadə edilməsi üçün də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Şahbuz rayonunda fəaliyyət göstərən “Farma-Şah” müəssisəsinin istehsal həcmini artırmaq məqsədilə həmin müəssisə ilə “Cahan çay” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələr yaradılıb. Yerli istehsal məhsullarının daxili bazarda mövqeyinin gücləndirilməsi və ixracına nail olunması üçün müvafiq dövlət orqanları ilə əlaqələr qurularaq müzakirələr aparılıb, sahibkarlarla görüşlər keçirilib, onlara tövsiyələr verilib. Dövlət müəssisələrinin ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının yerli istehsal məhsulları hesabına ödənilməsi üçün həmin müəssisələr ilə əlaqələr qurulub, onların tələbatı öyrənilib və istehsalçı müəssisələrlə əlaqələndirilib. Kiçikhəcmli istehsal sahələrinin yaradılması məqsədilə layihələrin hazır­lanması, sahibkarlara təqdim edilməsi üçün nazirliyin müvafiq şöbəsi ilə birlikdə layihələr hazırlanıb və sahibkarlara təqdim olunub. Biznes-forum, seminar, konfrans, ixtisasartırma kursları, beynəlxalq layihələr üzrə keçirilən tədbirlərdə sahibkarların iştirakı təmin edilib.
Vurğulanıb ki, yuxarıda adıçəkilən müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə Naxçıvan Biznes Mərkəzində sahibkarların bilik səviyyələrinin artırılması məqsədilə kurslar təşkil edilib. Kurslara Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazir­liklərinin nümayəndələri dəvət olunub. Seminarlarda sahibkarlarla müzakirələr aparılıb, onlara yeni qəbul olunmuş normativ-hüquqi aktlar haqqında məlumatlar verilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR